Qızı qaçırıldığı deyilən məmur danışdı: “Onun sevgi barədə düşünən vaxtı deyil”
Vüqar Taşov qızı barədə yazılanların hamısının yalan olduğunu bildirib
28 Noyabr 2014 11:51 KriminalBalakən rayonu İcra Hakimiyyətinin şöbə müdirinin qızının qaçırılması haqda xəbər yayılıb ANS PRESS-in məlumatına görə, bu barədə axar.az saytı yazıb. Verilən məlumata görə, Balakən rayon İcra Hakimiyyəti hüquq şöbəsinin müdiri Vüqar Taşovun 8-ci sinifdə oxuyan 14 yaşlı qızı könüllü qaçıb. Qızın ailəsinə məktub yazdığı bildirilir. Məlumatı dəqiqləşdirmək üçün Vüqar Taşovun özü ilə əlaqə saxladıq. Onun ANS PRESS-ə verdiyi məlumata görə, yazılanlar həqiqətə uyğun deyil. Vüqar Taşovun sözlərinə görə, onun qızı heç yerə qaçmayıb və indi evdədir. "Birincisi qızım 9-cu sinifdə oxuyur, ikincisi o heç yerə qaçmayıb. Hazırda evdədir. Sadəcə evdə narazılıq olmuşdu. Üstünə qışqırmışdım. Bir az qorxmuşdu. Hələ uşaqdır, dərsi var. Universitetdə oxumalıdır. Onun sevgi barədə düşünən vaxtı deyil. Yazılanlar yalandır", - deyə Vüqar Taşov bildirib.