Qaradağdakı qəza kimin suçundan olub?-"OLAYLAR"ın əməkdaşı hadisə yerindən xəbər verir

Dəmiryolu nəzarətçisi hadisə zamanı yatıbmış

Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində baş vermiş və xeyli insanın ölümü və yaralanması ilə nəticələnmiş dəhşətli qəzanın baş verməsinin əsas suçlularından biri də "Priyezd" adlanan yerdə yol hərəkətini tənzimləyən dəmiryolu nəzarətçisi olub. Lökbatan sakini Elşən Qəhrəmanovun "OLAYLAR"a verdiyi məlumata görə, nəzarətçi hadisə baş verən zaman yatıbmış. Başqa bir məlumatda deyilir ki, nəzarətçi növbəni dəyişib gedibmiş, növbəni təhvil alan nəzarətçi isə yerində deyilmiş. Hadisə zamanı yaxınlarını axtaran şəxslərdən biri isə hadisənin əsas günahkarının 124 saylı avtobusun sürücüsünün olduğu dedi: "124 saylı avtobus Bakı şəhərinin ən bərbad, ən təhlükəli marşrutudur. Sürücülərin əksəriyyəti  elə bil havalıdır. Avtobusu ağzına kimi doldururlar,danışanda da sərnişinlərlə kobud rəftar edirlər. Maşını elə sürürlər ki, elə bil adam deyil,  mal-heyvan aparırlar. Dəfələrlə Nəqliyyat Nazirliyinə bununla bağlı şikayət eləmişik. Kimdi baxan? Barı bundan sonra Ziya Məmmədov nəticə çıxarsın. Hamımız burda xəbər gözləyirik. Bilmirik adamlarımız ölüb, yoxsa yaralıdır. Bu avtobusun içərisində onların da qohumları ola bilərdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31