Gömrükçülərin “soyuq silah” əməliyyatı

Bakı Baş Gömrük İdarəsinin Poçt göndərişlərinə nəzarət bölməsinin həyata keçirdiyi tədbirlər nəticəsində xarici ölkələrdən soyuq silahların qanunsuz yollarla respublikamıza gətirilməsinin qarşısı alınmış, cari ilin müvafiq dövrü ərzində müxtəlif vətəndaşlara göndərilən bağamalardan, ümumilikdə 27 ədəd beşbarmaq, 25 ədəd elektroşoker, 5 ədəd bıçaq, 4 ədəd dəyənək, 10 ədəd qaz balonları və 1 ədəd pnevmatik tüfəng, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin həyata keçirdiyi tədbirlər nəticəsində isə, ümumilikdə 29 ədəd beşbarmaq, 19 ədəd dəyənək, 9 ədəd bıçaq, 5 ədəd elektroşoker və 2 ədəd pnevmatik tapança aşkar edilərək götürülmüşdür. Xatırladaq ki, əvvəllər də Dövlət Gömrük Komitəsinin müvafiq qurumları tərəfindən bu cür hüquqpozma hallarının qarşısı qətiyyətlə alınmış və Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən soyuq silah hesab edilən bu qəbildən olan əşyaların ölkə ərazisinə gətirilməsinin qadağan olunması barədə kütləvi informasiya vasitələrilə ictimaiyyətə ətraflı məlumat verilmişdir.
Dövlət Gömrük Komitəsi səlahiyyətli ekspert rəyinə istinadən bir daha xəbərdarlıq edir ki, əsasən kustar üsulla hazırlanmış vurucu-əzici xassəyə malik və təyinatı üzrə istifadəyə yararlı bu "beşbarmaq" və dəyənəklər, habelə kəsici-deşici, istifadəsi insan sağlamlığına ciddi təhlükə törədən və mülki dövriyyəsi qadağan edilən digər vasitələr soyuq silah hesab olunur və bununla əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsi ilə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31