Xalq artistinin ailəsini öldürən məhkəmə qərarından şikayət verdi
26 Noyabr 2014 17:11 KriminalBakı Apelyasiya Məhkəməsində xalq artisti Ağasəlim Abdullayevin ailəsində baş verən faciəli qəzanın törədilməsində təqsirli bilinən Xalid Mədətovun apelyasiya şikayəti üzrə məhkəmə keçirilib. "OLAYLAR"ın məlumatına görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apelyasiya şikayəti üzrə ilkin baxış iclasında vəkillər vəsatətlə çıxış edib. Xalid Mədətovun vəkilləri apelyasiya şikayətlərinə məhkəmə istintaqı aparılmaqla baxılmasını istəyiblər. Lakin hakimlər vəsatəti təmin etməyiblər və apelyasiya şikayətinə məhkəmə istintaqı aparılmadan baxılması barədə qərar qəbul ediblər. Qərardan Xalid Mədətovun vəkilləri Ali Məhkəməyə kasasiya şikayəti veriblər. Vəkillər Bakı Apelyasiya Məhkəməsinin ilkin baxış iclasının ləğv edilməsini və onların apelyasiya şikayətinə baxılması zamanı sübutların qiymətləndirilməsini istəyiblər. Qərardan şikayət verildiyi üçün apelyasiya instansiyasında iş dayandırılıb və kasasiya şikayətinə baxılması üçün cinayət işinin materialları Ali Məhkəməyə göndərilib. Xatırladaq ki, bu il martın 15-də saat 00:30 radələrində Suraxanı rayonu, Zığ şossesində Vüqar Ağasəlim oğlu Abdullayevin idarə etdiyi VAZ-2106 markalı avtomobillə Xalid Mübariz oğlu Mədətovun sürdüyü markalı avtomobil toqquşub. Nəticədə "VAZ-2106"da olan sərnişinlər - 1959-cü il təvəllüdlü Briliant Abdullayeva və 2008-ci il təvəllüdlü Ağasəlim Abdullayev hadisə yerində ölüb, 1950-ci il təvəllüdlü Ağasəlim Abdullayev və 1984-cü il təvəllüdlü Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik xəstəxanasına yerləşdiriliblər. Sürücü Xalid Mədətov narkoloji tibbi müayinədən keçirilərkən orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olduğu müəyyən edilib. O, Cinayət Məcəlləsinin 263-1.4-cü (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham olunub. Xalid Mədətov Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sabiq sədr müavini Mübariz Mədətovun oğludur. Həmin hadisədən 2 gün sonra o, ölkə prezidentinin sərəncamı ilə tutduğu vəzifədən azad edilib, oğlu isə həbs olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xalid Mədətov 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Xalid Mədətovun vəkilləri apelyasiya şikayəti verib. Onlar müdafiə etdikləri şəxsin barəsində həbs olmayan cəzanın təyin edilməsini istəyiblər.