Əlil qohumunu boğub öldürdüyü üçün 15 il həbsxanada qalacaq

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində lal-kar qohumunu öldürməkdə təqsirli bilinən Elşən Vəliədovun məhkəməsi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Mirzə Xankişiyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə Elşən Vəlidov 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Qeyd edək ki, bu ilin fevralın 18-də Suraxanı rayonu, Bülbülə qəsəbəsində yaşayan Gülnarə Ağayeva evində boğularaq öldürülüb. Bu barədə polisə qadının nəvəsi, 17 yaşlı Leyla İsrafilzadə məlumat verib. Eşitmə və görmə qüsurlu Gülnarə Ağayevanın meyitini nəvəsi yatdığı çarpayıda aşkarlayıb.
Belə ki, axşam evə gələn qız nənəsinin üzərində xəsarət izləri müəyyən edib, mənzilin isə qarət olunduğunu görüb. Səs-küy salaraq qonşuları köməyə çağırıb. Dərhal hadisə yerinə Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsinin əməkdaşları və prokurorluq orqanları əməkdaşları gəliblər. Ekspertlər və müstəntiqlər mənzili müayinə edərək əl-barmaq izlərini götürüblər. Sonra da meyitin üzərinə baxış keçiriblər. Gülnarə Ağayevanın boğazında boğulma izləri müəyyən edilib. Hüquq mühafizə orqanları araşdırmalardan sonra qadının boğularaq öldürüldüyünü istisna etməyiblər. Hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Qətldən 12 gün sonra polis cinayəti törədən Bülbülə qəsəbə sakini, 31 yaşlı Elşən Vəliədovu həbs edib. Onun üzərindən silah da aşkarlanıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31