Bakıda qorxulu cinayət törədənlər tutuldu

Saxlanılan şəxslər evlırin qapılarını sındıraraq oğurluqlar ediblər

Bakıda silsilə cinayətlər törədən şəxslər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Anspress-ə verilən məlumata görə, Binəqədi rayon Polis İdarəsi 6-cı və 40-cı polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, paytaxt ərazisində yaşayış evlərini talamaqda şübhəli bilinən, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1988-ci il təvəllüdlü Maqsud Talıbov tutulub. Şübhəli şəxs ətrafında aparılmış əməliyyat istintaq tədbirlərilə müəyyən olunub ki, o bu əməlləri oktyabrın 3-də Binəqədi Rayon Polis İdarəsi 6-cı polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, tutulmuş Gürcüstan vətəndaşı, əvvəllər məhkum olunmuş, 1989-cu il təvəllüdlü Yaşar Qayıbovla birlikdə törədib. İstintaq araşdırmaları sübut edib ki, onlar iyunun 27-də Biləcəri qəsəbəsində yaşayan Svetlana Adıgözəlovanın evindən qapını sındırma yolu ilə 1200 ABŞ dollar, 700 manat, "noutbook" və qızıl-zinət əşyalarını oğurlayıblar. İyunun 28-də Biləcəri qəsəbəsi Füzuli küçəsində Arif Kabıyevin evindən 2950 manat, iyulun 26-da Biləcəri qəsəbəsi X.Məlikaslanov küçəsində Müslim Əliyevin evindən pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla 10000 manat və qızıl-zinət əşyaları aparıblar. Avqustun 7-də Biləcəri qəsəbəsində yaşayan Xatirə Süleymanovaya məxsus mənzildən qızıl-zinət əşyaları, "noutbook" və dəri gödəkcə, avqustun 8-də Biləcəri şossesində yaşayan Arzu Kərimovanın evindən 200 manat və 5000 manat dəyərində qızıl-zinət əşyaları talayıblar. Sentyabrın 18-də 1-ci mədən küçəsində yaşayan Sabir Tağıyevin evindən 300 manat, qızıl sırğa və "noutbook", Vulkan dağ yaşayış massivində yaşayan Nicat Ağayevin evindən mobil telefon, sentyabrın 26-da saat Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində yaşayan Fuad Səlimovun evindən pəncərədən keçməklə qızıl-zinət əşyaları aparıblar. Sentyabrın 27-də Biləcəri qəsəbəsi yeni yaşayış sahəsində yaşayan Rövşən İbrahimovun evindən, açar seçmə yolu ilə qızıl-zinət əşyaları oğurlayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31