Bakıda evləri talayan keçmiş məhkumların digər cinayətlərinin üstü açılıb

Paytaxtda yaşayış evlərini talamaqda məşğul olan iki keçmiş məhkumun digər cinayətlərinin də üstü açılıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 6-cı və 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, paytaxt ərazisində çoxsaylı yaşayış evlərini talamaqda şübhəli bilinən, Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş, 1988-ci il təvəllüdlü Maqsud Talıbov tutulub. Şübhəli şəxs ətrafında aparılmış əməliyyat istintaq tədbirləri ilə müəyyən olunub ki, o bu əməlləri oktyabrın 3-də Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, tutulmuş Gürcüstan vətəndaşı, əvvəllər məhkum olunmuş, 1989-cu il təvəllüdlü Yaşar Qayıbovla birlikdə törədib. İstintaq araşdırmaları subut edib ki, onlar iyunun 27-də Biləcəri qəsəbəsində yaşayan Svetlana Adıgözəlovanın evindən qapını sındırma yolu ilə 1200 ABŞ dollar, 700 manat, noutbok və qızıl-zinət əşyaları, iyunun 28-i Biləcəri qəsəbəsi Füzuli küçəsində Arif Kabıyevin evindən 2950 manat, iyulun 26-da Biləcəri qəsəbəsi X.Məlikaslanov küçəsində Müslim Əliyevin evindən pəncərənin dəmir barmaqlıqlarını sındırmaqla 10000 manat və qızıl-zinət əşyaları, avqustun 7-də Biləcəri qəsəbəsində yaşayan Xatirə Süleymanovaya məxsus mənzildən qızıl-zinət əşyaları, noutbok və dəri gödəkcə, avqustun 8-də Biləcəri şossesində yaşayan Arzu Kərimovanın evindən 200 manat və 5000 manat dəyərində qızıl-zinət əşyaları, sentyabrın 18-də 1-ci mədən küçəsində yaşayan Sabir Tağıyevin evindən 300 manat, qızıl sırğa və noutbok, Vulkan dağ yaşayış massivində yaşayan Nicat Ağayevin evindən mobil telefon, sentyabrın 26-da saat Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsində yaşayan Fuad Səlimovun evindən pəncərədən keçməklə qızıl-zinət əşyaları, sentyabrın 27-də Biləcəri qəsəbəsi yeni yaşayış sahəsində yaşayan Rövşən İbrahimovun evindən, açar seçmə yolu ilə qızıl-zinət əşyaları oğurlayıblar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31