Azərbaycan Ordusunun əsgərinin ölüm faktı ilə əlaqədar cinayət işi başlanıb

Azərbaycan Ordusunun xəstəlikdən ölən əsgərinin ölüm faktı ilə əlaqədar cinayət işi başlanıb.Respublika Hərbi Prokurorluğundan Trend-ə verilən məlumata görə, 1994-cü il təvəllüdlü Novruzov Elşən Nəriman oğlunun ölümü ilə bağlı Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2-ci (qulluğa səhlənkar yanaşma, eyni əməllər ağır nəticələrə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır.Qeyd edək ki, avqustun 29-da N saylı hərbi hissənin əsgəri, bu ilin iyulunda Səfərbərlik və Hərbi Xidmətə Çağrış üzrə Dövlət Xidmətinin Şəmkir rayon şöbəsindən həqiqi hərbi xidmətə çağrılan, 1994-cü il təvəllüdlü Novruzov Elşən Nəriman oğlu Silahlı Qüvvələrin Baş Klinik Hospitalında vəfat edib.Müdafiə Nazirliyinin dünən yaydığı rəsmi məlumata görə, əsgərin ölümünə səbəb kəskin ensefalit, fulminant gedişli (ildırım sürətli) serebral koma, (4-cü dərəcə) pərçim simptomu, (beyin kötüyü və beyincik badamcıqlarının böyük ənsə dəliyinə pərçim) toksiki nefrit, reaktiv pankreatit, infeksion - toksiki miokardit, kəskin ürək-damar və tənəffüs çatışmazlığı olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31