Rauf Həbibov istintaqda nələr danışıb

O Azərbaycan İslam Partiyasının funksionerlərnin və onların İrandakı havadarlarının Quba sakinlərini təsir altına salmaq, onlardan dövlətçiliyə qarşı istifadə etmək məqsədilə həmin sakinlərin evlərinə 30-40 manatlıq bazarlıq edib göndərdiyini bildirilib

"Media forum" saytı Quba Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Rauf Həbibovun Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə verdiyi ifadəsini əldə edib. İstintaq Rauf Həbibovu 2012-ci il martın 1-də Qubada baş vermiş hadisələrə görə zərərçəkən kimi tanıyıb. Hadisələrə görə 30-dan çox şəxs məsuliyyətə cəlb olunub.

Həbibovların Qubada yerləşməsi

Rauf Xeyrulla oğlu Həbibov 1965-ci ildə Lənkəran şəhərində anadan olub. Əmək fəaliyyətinə 1982-ci ildən Qaradağ Tikinti Materialları Kombinatında fəhləlikdən başlayıb. 1990-cı ildə İnşaat Mühəndisləri İnstitutunu bitirib. Uzun illər tikinti sahəsində çalışıb, "Günəş" kiçik müəssisəsinin direktoru, "Müstəqil Balbelan" müəssisəsinin direktor müavini vəzifələrində işləyib."Media forum" saytının məlumatına görə, Rauf Həbibov Respublika Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə verdiyi ifadəsində göstərib ki, 2002-ci il iyunun 5-dən Quba Olimpiya Kompleksinin və Diaqnostika Mərkəzinin tikintisinə rəhbərlik edib, rayon sakinləri ilə səmimi münasibətləri yarandığından Qubada daimi yaşamaq qərarına gəlib və 2003-cü il mayın 27-də rayonun Timiryazyev qəsəbəsində 16 sot torpaq sahəsi alıb.
Rauf Həbibov torpaq sahəsini 1900 ABŞ dollarına Quba rayon sakini Mübariz İdrisovdan aldığını qeyd edib. Bildirib ki, sahədə yarımçıq tikili də olub, həmin tikilini sökərək yerində ikimərtəbəli yaşayış evi tikdirib, torpaq sahəsini və yaşayış evini həyat yoldaşı İradə Əlirasim qızı Axundovanın adına rəsmiləşdirib. O, 2007-ci il oktyabrın 1-də Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduqdan sonra bu evdə yaşadığını söyləyib.

Müşavirə niyə çağırılıb?

Rauf Həbibov ifadəsində qeyd edib ki, 2011-ci il noyabrın 22-də rayonda dini durumun vəziyyəti və xidmət təşkilatlarının (qaz, elektrik, su) fəaliyyəti ilə bağlı müşavirə keçirib. Müşavirənin keçirilməsi onun təklifi ilə təxminən bir həftə əvvəldən planlaşdırılıb. Müşavirəyə 180 nəfər - yerli icra, özünüidarə orqanlarının vəzifəli şəxsləri, din xadimləri, ziyalılar, rayon fəalları dəvət olunub. Müşavirədə icra hakimiyyəti başçısının birinci müavini Sahib Məmmədovun sədrlik etdiyi din məsələləri komissiyasının məruzəsinin dinlənilməsi nəzərdə tutulub. İstintaqa ifadəsində Rauf Həbibov belə bir məruzəyə zərurətin nədən yarandığını izah edərkən bildirib ki, müşavirədən bir həftə əvvəl, noyabrın ortalarında ona Vladimirovka kəndində mədrəsə binası tikildiyi haqda məlumat daxil olub. Rauf Həbibov bildirib ki, mədrəsə tikintisi rayon icra hakimiyyətindən xəbərsiz aparılırmış və bu tikinti üçün müvafiq icazə alınmayıbmış.İcra başçısı məlumatı aldıqdan sonra birinci müavini Sahib Məmmədovu, icra hakimiyyətinin ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Nizaməddini, rayon polis şöbəsi rəisinin müavinini Vladimirovka kəndinə göndərib. Həmin şəxslər başçıya kənddə mədrəsə tikildiyi haqda xəbərin doğru olduğunu məruzə ediblər.Rauf Həbibovun sözlərinə görə, Vladimirovka kəndinə göndərdiyi şəxslərin məruzəsindən bəlli olub ki, bu kənddə yaşayan, milliyyətcə məshəti türkü olan bir şəxs (Həbibov istintaqa həmin şəxsin ad-soyadını unutduğunu söyləyib) yaşayış sahəsi tikmək üçün bələdiyyədən torpaq sahəsi alıb, ancaq tikdiyi evi mədrəsə kimi layihələndirərək burada mədrəsə tikməyə başlayıb. Hətta mədrəsənin normal fəaliyyəti üçün Türkiyədən mebel dəsti də gətirilib. İcra başçısının yoxlatmasından sonra tikinti dayandırılıb, ev sahibinə rəsmi xəbərdarlıq edilib ki, icazəsiz dini təbliğatla məşğul olmaq, ibadət yerləri inşa etmək qadağandır.Rauf Həbibov istintaqa ifadəsində deyib ki, həmin ərəfədə rayonun Amsar kəndindəki köhnə məscid binasında da təmir işlərinin aparıldığı müəyyən edilib. Həbibov ifadəsində qeyd edib ki, bu məscidi təmir edən şəxsin kim olduğu, təmir işlərinin hansı maliyyə vəsaiti hesabına aparıldığı məlum deyilmiş, ona görə də təmir işi artıq yekunlaşmaqda olsa da, dayandırılıb.Rauf Həbibov ifadəsində vurğulayıb ki, Vladimirovka kəndinin icra nümayəndəsi və bələdiyyə sədri kənddə mədrəsə tikildiyi barədə rayon icra hakimiyyətinin aparatına məlumat verməyibmişlər və onlar bunu belə izah ediblər ki, kənddə mədrəsə tikilməsindən xəbərsiz olublar. Rauf Həbibovun ifadəsinə görə, Amsar kəndinin icra nümayəndəliyi və bələdiyyəsi də bu kənddə məscidin təmir olunduğu barədə icra hakimiyyəti aparatına məlumat verməyibmiş.Araşdırma nəticəsində Amsardakı təmir işlərini əslən həmin kənddən olan, Bakı şəhərində yaşayan bir şəxsin gördürdüyünü söyləyən Rauf Həbibov istintaqa ifadəsində həmin şəxsin də adını xatırlamadığını qeyd edib. O bildirib ki, məhz bu iki amil - Vladimirovkadakı mədrəsə tikintisi və Amsardakı məscid təmiri 2011-ci il noyabrın 22-də rayonda dini durumun vəziyyətinə həsr olunmuş müşavirənin keçirilməsini zəruri edib.
 

Həbibovun müşavirədə dedikləri haqda istintaqa dedikləri

Sahib Məmmədov müşavirədə məruzə ilə çıxış edib. Rayon xidmət təşkilatlarının fəaliyyətinin müzakirəsinin də nəzərdə tutulduğu müşavirə zamanı rəyasət heyətində Rauf Həbibov, Sahib Məmmədov, icra başçısının sosial-iqtisadi inkişaf məsələləri üzrə müavini Nəsrulla Vəliyev, təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Xanımsona Əkbərova əyləşiblər.Sahib Məmmədovun məruzəsindən sonra rayon qaz istismar idarəsinin rəisi Fəxrəddin Abdullayev çıxış edib.Sonra Rauf Həbibov Vladimirovka və Amsar kəndlərinin icra nümayəndələrini ayağa qaldıraraq onlara icazəsiz mədrəsə tikintisi və məscid təmiri ilə əlaqədar iradlarını bildirib.Bundan sonra müşavirədə rayon ağsaqqallar şurasının sədri Həsən Günəşli çıxış edib. O, çıxışında rayon xidmət təşkilatlarının fəaliyyətini tənqid edib, qazın təzyiqinin aşağı olduğunu söyləyib.Sonra Rauf Həbibov tribunaya qalxıb, rayonda dini durumun vəziyyətindən və işıq, qaz pulunun yığılmasındakı çətinliklərdən danışıb.İstintaqa ifadəsində Rauf Həbibov deyib ki, rayondakı dini durumla əlaqədar ona müntəzəm məlumatlar daxil olub, bu məlumatlarda Azərbaycan İslam Partiyası adlı qurumun Bakı şəhərində yaşayan funksionerlərinin, onların İran İslam Respublikasında yaşayan havadarlarının ayrı-ayrı Quba sakinlərini təsir altına salmaq, onlardan dövlətçiliyə qarşı istifadə etmək məqsədilə fəaliyyət göstərdiyi, həmin sakinlərin evlərinə 30-40 manatlıq bazarlıq edib göndərdiyi, onlara maddi yardımlar etdiyi bildirilib. Rauf Həbibovun sözlərinə görə, İslam Partiyasının hazırda həbsdə olan sədri Mövsüm Səmədovun, partiyanın bir sıra fəallarının Quba sakini olması həmin qüvvələrin rayonda müəyyən qədər fəallıq göstərməsinə şərait yaradırmış.Rauf Həbibov istintaqa deyib ki, 22 noyabr müşavirəsi dini duruma həsr olunduğundan çıxışında bu məsələlərə toxunub və çıxışında bəzi qubalılara xitab edərkən Azərbaycan İslam Partiyası adlı qurumun üzvlərinin ayrı-ayn qubalılara bazarlıq göndərməklə onları təsir dairəsinə salmağa cəhd etdiyi barədə aldığı məlumatı nəzərdə tutub. Rauf Həbibovun fikrincə, "xarici qüvvələrin təsiri altına düşən şəxslər dövlətçiliyə zidd fəaliyyət göstərirlər, onlar bu fəaliyyətlə dövlətinə, millətinə, torpağına və nəhayət, ailəsinə xəyanət etmiş olurlar". Həbibov istintaqa bildirib ki, çıxışında qeyd etdiyi cümlələr yalnız bu amillə bağlı olub. O, bu fikirləri qubalıların hamısı haqda söylədiyini inkar edib. İstintaqa ifadəsində Rauf Həbibov deyib ki, Quba rayon sakinlərini vicdanlı, namuslu, dövlət siyasətinə sadiq insanlar hesab edir və onlara həmişə səmimi münasibət bəsləyib.O qeyd edib ki, 22 noyabr müşavirəsində bir sıra bələdiyyələrin ərazisində qanunsuz tikililərin olduğunu, bələdiyyə sədrlərinin torpaq sahələrini qanunsuz olaraq ucuz qiymətə satdığını da söyləyib.

Müşavirənin tam videoçəkilişi yoxdur?

Müşavirə təxminən 2 saat sürüb. Rauf Həbibovun dediyinə görə, o, Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra rayonda keçirilən geniş tərkibli tədbirlərin, eləcə də mühüm müşavirələrin həmişə mətbuatda, televiziyada işıqlandırılmasını, bu tədbirlərdə qəzetlərdən və telekanallardan müxbir və operatorların iştirakının təmin edilməsini tapşırırmış. Həbibov 22 noyabr müşavirəsinə də media nümayəndələrinin dəvət olunmasını Sahib Məmmədova tapşırdığını söyləyib. Sahib Məmmədov da icra başçısına məruzə edib ki, mətbuat və televiziya nümayəndələri müşavirəyə dəvət olunublar.Rauf Həbibovun bildirdiyinə görə, həmin vaxt müşavirəyə konkret hansı telekanalların dəvət olunması ilə maraqlanmayıb, yalnız onun çıxışının montaj olunmuş variantı 2012-ci ilin fevral ayında internetdə yayıldıqdan sonra bu məsələni araşdırıb və bəlli olub ki, 22 noyabr müşavirəsini "Xəyal TV", "Xəzər TV", "Kanal 13", "İnteraz" telekanallarının əməkdaşları çəkiblər.Həbibov müşavirədəki çıxışının montaj olunmuş variantının sosial şəbəkədə yerləşdirildiyini ilk dəfə 2012-ci il fevralın 21-də günün birinci yarısında eşitdiyini söyləyib. İstintaqa ifadəsində o, iddia edib ki, həmin 1 dəqiqə 18 saniyəlik videosüjetdə onun müşavirədə səsləndirdiyi cümlələr ümumi kontekstdən çıxarılıb və elə təqdim olunub ki, sanki o, qubalıların qəzəb və hiddətinə səbəb olmuş məlum sözləri bütün qubalılar haqqında işlədib.Rauf Həbibov deyib ki, internetdə yerləşdirilmiş videoya baxandan sonra o, 22 noyabr müşavirənin tam videoçəkilişinə baxmaq istəyib, amma məlum olub ki, həmin müşavirənin tam videoçəkilişi yoxdur.
Gözə göz, dişə diş

İstintaq materiallarına görə, fevralın təxminən 25-də Rauf Həbibova məlumat veriblər ki, "Youtube.com" saytında onun haqqında yeni videosüjet yayılıb. Həmin videosüjetdə Rauf Həbibovun 22 noyabr müşavirəsindəki çıxışından parçalar, arxasınca daşınmaz əmlakların musiqi ilə müşayiət olunan fotoşəkilləri və siyahı yerləşdirilib.Rauf Həbibovun dediyinə görə, təxminən 6 dəqiqəlik bu süjeti internetdə kimin yerləşdirdiyini aydınlaşdırarkən müəyyən edib ki, ilk videosüjeti "Youtube.com"a "Dj Mustafa" nikindən istifadə edən şəxs fevralın 21-də yerləşdirib. Rauf Həbibovun araşdırmasına görə, həmin nikin istifadəçisi Mustafa Nurullayev adlı Quba şəhər sakini olub. Həbibov ifadəsində Nurullayevin əlil uşaq olduğunu da qeyd edib.Fevralın 24-də həmin videoçarxı "Gözəgözdişədiş" internet səhifəsinin istifadəçisi təkrarən "Youtube.com"da yerləşdirib. Nəticədə internetdə kütləvi şəkildə şərhlər yazılıb, martın 1-də mitinq keçirməyə çağırışlar elan edilib. Rauf Həbibov bildirib ki, şərhlərdə o və ailə üzvləri təhqir olunub, mitinq çağırışlarında onun rayondan qovulması tələbi yer alıb. Həbibov iddia edib ki, ən çox fəallıq göstərən "Gözəgözdişədiş" internet səhifəsinin istifadəçisi olub.

İcra başçısının fevral təbliğatı

Rauf Həbibovun bildirdiyinə görə, rayonda ictimai-siyasi sabitliyi qorumaq üçün Qubanın vəzifəli şəxslərinə, hüquq mühafizə orqanlarının əməkdaşlarına əhali arasında təbliğat aparmağı, internetə yerləşdirilmiş çıxışın montaj olunduğunu, onun qubalılar haqqında təhqiramiz ifadələr işlətmədiyini, mitinq keçirilməsinin qanun pozuntusu olduğunu əhaliyə çatdırmağı tapşırıb. Onun istintaqa verdiyi ifadəsinə görə, martın 1-dək bu istiqamətdə işlər aparılıb, demək olar ki, hər gün rayon fəalları ilə görüşüb söhbətlər edib. O qeyd edib ki, rayon icra hakimiyyəti başçısının müavinləri, icra hakimiyyətinin şöbə müdirləri, yerli icra nümayəndələri, bələdiyyə sədrləri rayonda hər şeyin nəzarət altında olduğunu, heç kimin martın 1-də icra hakimiyyətinin binası qarşısına yığışmayacağını söyləyiblər.Rauf Həbibov fevralın 29-da rayon fəallarının iştirakı ilə icra hakimiyyətində iclas keçirib, bu iclasda da bir daha qubalılar haqqında təhqiramiz ifadələr işlətmədiyini, internetdə yayımlanan kadrların təxribat olduğunu, martın 1-də sabitliyi poza biləcək hər hansı hərəkətdən çəkinməyin zəruriliyini bildirib. İstintaqa ifadəsində Rauf Həbibov deyib ki, iclas iştirakçıları onun sözləri ilə razılaşıblar.

1 mart

İstintaq materialına görə, martın 1-də səhər saat 8 radələrində Rauf Həbibov işə gəlib, rayon polis şöbəsi əməkdaşlarının əlavə naryadla icra hakimiyyəti binasını nəzarət altına aldığını görüb. Bundan başqa, icra hakimiyyətinin işçiləri də şəhərdə müxtəlif məhəllələrdə növbədə dayanıbmış. Saat 09:55-də maraqlandıqda icra başçısına bildirilib ki, heç bir problem yoxdur. Saat 10-da isə artıq xidməti otağında olarkən icra başçısı bir qrup şəxsin rayon icra hakimiyyətinin inzibati binası qarşısına yığışdığını müşahidə edib və onların "İstefa" şüarları səsləndirdiyini eşidib. Rauf Həbibovun sözlərinə görə, həmin şəxslərin sayı təxminən 1000 nəfər olarmış.İstintaq materialına görə, icra başçısı müavinlərinin hamısına tapşırıb ki, həyətə düşüb camaatı sakitləşdirsinlər, söhbət etsinlər. Sahib Məmmədov icra başçısına məlumat verib ki, aksiyaya gələn şəxslərdən üç nəfər nümayəndə onunla görüşmək istəyir. Həmin şəxslər Sahib Məmmədovla birgə Rauf Həbibovun yanına gəliblər. Nümayəndələrdən biri "Bal-bulaq" restoranının sahibi Akif Ağarəhimov, digərləri isə Qarabağ və Əfqanıstan müharibəsi veteranlarının rayon şuralarının sədrləri olub. Rauf Həbibovun istintaqa verdiyini ifadəsinə görə, nümayəndələr "Rauf müəllim, sən qubalılar haqqında təhqiredici ifadələr işlətmisən, camaatdan üzr istə, məsələ bitsin" deyiblər. Rauf Həbibov isə cavab verib ki, 10 ildən artıqdır Qubadadır, heç vaxt qubalılar haqqında mənfi söz işlətməyib, ancaq əgər lazım olarsa, üzr istəyər.İstintaq materialına görə, daha sonra icra başçısı əhalini sakitləşdirmək üçün çıxış etməyi qərara alıb və kütlənin qarşısına çıxıb. Kütlənin qarşısına çıxanda ona tərəf kütlədən nəsə atılıb, lakin ona dəyməyib. Səsgücləndirici ilə çıxış edən Rauf Həbibov ən böyük qubalının özü olduğunu, heç vaxt qubalıları təhqir etmədiyini, ancaq əgər lazımdırsa, üzr istəməyə hazır olduğunu söyləyib.İfadəsində Rauf Həbibov deyib ki, kütlə qarşısında çıxış edərkən ona nitqini başa çatdırmağa imkan verməyiblər, bir qrup insan qışqırmağa, söyüş söyməyə başlayıb və o, binaya qayıdaraq otağına gedib. Bir qrup şəxs isə əllərinə keçən qartopunu, daş və dəmir parçalarını onları sakitliyə çağıran polis əməkdaşlarına, icra hakimiyyətinin inzibati binasına tərəf atmağa başlayıb.İstintaq materiallarında göstərilir ki, daha sonra onlar hərəkətlərini davam etdirərək rayon icra hakimiyyətinin inzibati binasını, yardımçı sahəni, qonaq evini, daş hasarı dağıdıblar. Polis əməkdaşları onları kənarlaşdırmağa müvəffəq olduqdan sonra icra başçısına məlumat verilib ki, bir qrup şəxs ona məxsus olan, Timiryazyev qəsəbəsində yerləşən evə daxil olub və evi dağıdaraq yandırıb. Rauf Həbibov ifadəsində göstərib ki, Timiryazyev qəsəbəsindəki evində çardaq, ocaqxana, sanitar qovşağı, anbar otağı, həyətdəki yay mətbəxi, mühafizəçi evi, birinci mərtəbədə mətbəx, pilləkən, zal, üç yataq otağı, ikinci mərtəbədə yataq otağı, içində olan bütün ləvazimat, mebel dəsti və sair predmetlər tam yandırılaraq məhv edilib

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31