Qonşusunu öldürən şəxs məhkəmə qarşısına çıxarılır
14 Noyabr 2014 16:49 KriminalBu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qonşusunu öldürməkdə təqsirli bilinən Kamil Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Lent.az-ın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı noyabrın 21-nə təyin edilib.
Qeyd edək ki, qətl hadisəsi bu ilin iyulun 29-da Sumqayıt şəhərinin Kimyaçılar qəsəbəsi ərazisində baş verib. Kamil Məmmədov münaqişə zəminində qonşusu Rasim Əliyevə bir neçə bıçaq xəsarəti yetirib. Ağır yaralanan Rasim Əliyev xəstəxanaya aparılarkən yolda ölüb. Qətli törədən Kamil Məmmədov hadisə yerindən qaçaraq gizlənmək istəyib. Lakin Sumqayıt şəhər Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində o tutulub. Araşdırmalar zamanı məlum olub ki, Kamil Məmmədov əvvəllər də adam öldürdüyü üçün məhkumluq həyatı yaşayıb.