Bakının məşhur həbsxanasındakı məhbus davasının - ƏSL SƏBƏBİ

Bakıdakı həbs düşərgələrindən birində məhbuslar arasındakı davanın yeni gizlinləri ortaya çıxıb. Hadisədən günlər keçsə də, müəmmalar məkikdəki ip təki çözələnməkdədir. Noyabrın 8-də Bakı şəhəri Nizami rayonunda yerləşən 6 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən bir qrup məhkum arasında kütləvi dava olub. Bu haqda Milli.Az saytında xəbəri yaysaq da, təfərrüatlarını əldə etmək mümkün olmamışdı. Penitensiar Xidmətin mətbuat xidməti rəsmi məlumatında davanın məişət zəminində münaqişə olduğunu göstərdi. Milli.Az isə həbsxanadakı davanın əsl səbəbini öyrənib. Hadisə baş verən gün məhkumlardan biri barakda dini mahnıya qulaq asırmış. Məhkum yoldaşı ona etiraz edərək "baş-beynimizi apardın, get başqa yerdə qulaq as" deyərək etiraz edib. Dindar məhkumu kobud formada edilən etiraz hiddətləndirib. Daha sonra məsələyə başqa məhkumlar da qoşulublar. Onlardan bir hissəsi dindar məhkumun, başqa qrup isə ona etiraz edən məhkumun tərəfində olmaqla 12 və 5 nəfərlik iki dəstəyə bölünüblər. Məhkumlar dava üçün cəzaçəkmə müəssisəsinin həyətindəki futbol meydançasına toplaşıblar. Orada müxtəlif dəmir alətlə silahlanmış məhkumlar bir-birinə giriblər. Davanı sakitləşdirmək üçün müəssisə əməkdaşları işə qarışıblar. Uzun sürən davanı çətinliklə yatırmaq mümkün olub. Dava zamanı məhkumlarla yanaşı, müəssisə əməkdaşları da xəsarət alıblar. Bakı şəhər prokurorunun köməkçisi Günel Məmmədova Milli.Az-a açıqlamasında bildirdi ki, cəzaçəkmə müəssisəsində baş vermiş faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 317.2-ci (cəzaçəkmə müəssisəsinin və ya istintaq təcridxanası əməkdaşlarının, habelə məhkum, onun islah olunmasına mene olmaq və ya ictimai vəzifələrini yerinə yetirməsinə görə ondan intiqam almaq məqsədilə zor tətbiq etməklə hədələmə və onların həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31