İran vətəndaşı 38 min dolları Azərbaycandan apararkən tutuldu
Ondan hər biri 100 ABŞ dolları nominalında olmaqla 381 ədəd pul əskinası aşkar edilib
29 Avqust 2012 15:48 KriminalBakı-Tehran aviareysi ilə getmək istəyən İran İslam Respublikasının vətəndaşı Rostamipour Davar Hosseinə məxsus baqaj Heydər Əliyev Beynəlxalq Aeroportunda "Rapiscan-628" markalı X-RAY aparatında yoxlanılarkən monitorda pul əskinaslarına bənzər təsvirlər görünüb. ANS PRESS-in Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları Hosseinin çamadanına baxış keçirən zaman çamadanda olan qovluğun içindəki sənədlərin arasından hər biri 100 ABŞ dolları nominalında olmaqla 381 ədəd pul əskinası aşkar ediblər.
Halbuki adıcəkilən vətəndaş apardığı malları yazılı və ya elektron formada bəyan etməmiş, həmçinin gömrük əməkdaşı tərəfindən mütləq qaydada bəyan ediləsi malların olub-olmaması barədə şifahi sorğu-sual edilərkən üzərində və baqajında 1000 ABŞ dollarından artıq xarici valyuta və digər mütləq bəyan olunası malların olmadığını bildirmişdi.
Faktla bağlı izahatında isə Hossein ticarət fəaliyyəti ilə məşğul olduğunu və Bakıdakı hesabından 38192 ABŞ dollarını çıxarıb, özü ilə nağd şəkildə İran İslam Respublikasına aparmaq istədiyini bildirmişdi. O, külli miqdarda xarici valyutanı gömrük orqanına bəyan etməməyinin səbəbini isə müvafiq qanunları yaxşı bilməməsi ilə izah edib.