Anası ilə mübahisə edən oğul evi yandırdı

Hadisədən sonra Saleh Ağalarov saxlanılaraq rayon polis şöbəsinə aparılıb

Sabirabad rayonunda ana ilə oğul arasında düşən mübahisə yaşadıqları mənzilin yanması ilə nəticələnib. ANS TV-nin məlumatına görə, hadisə Sabirabad rayonunun Yolçubəyli kəndində qeydə alınıb. Kəndin sakini 59 yaşlı Gülnaz Ağalarova məxsus 6 otaqdan və 1 aynabəndən ibarət fərdi yaşayış evi yanmağa başlayıb. Hadisə yerinə Sabirabad rayon Yanğından Mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğınsöndürənlərin səyi nəticəsində alovun qarşısı alınıb. Buna baxmayaraq 308 kvadratmetr sahəsi olan 1 mərtəbəli evin 2 otağı yanaraq tamamilə yararsız hala düşüb. Qalan otaqlar isə yanğısöndürənlər tərəfindən mühafizə olunub. Yanğına ana ilə oğulun arasında baş verən münaqişə səbəb olub. Belə ki, anası ilə mübahisə edən 31 yaşlı Saleh Ağalarov hirsini soyutmaq üçün evə od vurub. Hadisədən sonra Saleh Ağalarov saxlanılaraq rayon polis şöbəsinə aparılıb. Faktla bağlı araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31