FHN bir gündə sudan iki meyid çıxardı
1 May 2012 15:22 KriminalAzərbaycanda bir gündə iki nəfər suda boğulub ölüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Mingəçevir su anbarında 1995-ci il təvəllüdlü Şəmsi Əkbər oğlu Həmidovun batması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb edilmiş və axtarışlara başlayıb. Ən yaxın xilasetmə məntəqəsindən, təxminən, 800-900 m aralıda, su anbarının nəzarət olunmayan hissəsində batmış Ş.Həmidovun cəsədi xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 16:45-də başa çatıb. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Gəncə çayının Göygöl şəhəri ərazisindən keçən hissəsində 1993-cü il təvəllüdlü Eyyubov Toğrul Eyvaz oğlu batıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub, T.Eyyubovun cəsədi dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılmış və aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 08:00-da başa çatıb.