Piyadanı öldürüb qaçan şəxs məhkəmə zalında həbs edildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən 1951-ci il təvəllüdlü Tofiq Məmmədovun cinayət işi üzrə məhkəmə başa çatıb. "OLAYLAR"ın məlumatına görə, hakim Zabil Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Tofiq Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib. Onun başqa yerə getməmək barədə qəti imkan tədbiri ləğv edilib və o, məhkəmə zalından həbs edilib. İttihama görə, Tofiq Məmmədov bu il yanvarın 20-də  "Mersedes-Benz C180" markalı avtomobili idarə edərkən sürət həddini aşıb. O, Gəncə şəhəri, Ş.İ.Xətai prospekti ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada Əntiqə Allahverdiyevanı vurub. Piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Qəzanı törədən sürücü hadisə yerindən qaçsa da, sonradan məsuliyyətə cəlb olunub. Tofiq Məmmədov Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti qaydalarını pozma - iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31