Bakıda 22 nəfərlik terrorçu dəstənin məhkəməsi başladı
28 Avqust 2012 17:49 KriminalBakı Ağır Cinayətlər Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində bu ilin fevral və mart aylarında saxlanılan 22 nəfərin cinayət işi üzrə məhkəmə başlayıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Hakim Əlövsət Abbasovun sədrlik etdiyi prosesdə cinayət işi üzrə qapalı keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin kimliyi müəyyən edilib. Hazırlıq iclası qapalı keçirilib və mətbuat nümayəndələri iclasa buraxılmayıb. Prosesdə vəkillər vəsatət qaldırıb. Vəsatətlərin müzakirəsi ilə bağlı hazırlıq iclasının davamı avqustun 29-da davam etdiriləcək.
Qeyd edək ki, MTN 22 nəfərin saxlandığı haqda xəbəri martın 14-də açıqlayıb. Həmin açıqlamaya görə, saxlanılan şəxslər İran İslam Respublikasının xüsusi xidmət orqanı olan "İslam İnqilabının Mühafizəçiləri Korpusu" - "SEPAH"ın əməkdaşları tərəfindən məxfi əməkdaşlığa cəlb olunub, "SEPAH"ın əməkdaşlarının tapşırıqları əsasında casusluq edib, Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi zərərinə istifadə üçün məlumatlar toplayıb, eləcə də İranın xüsusi xidmət orqanlarının nümayəndələrinə kömək edə biləcək şəxsləri axtarıb taparaq onları "SEPAH"ın əməkdaşlarının əlaqəsinə təqdim ediblər. Cinayət işi üzrə Niyaz Kərimov, Mübariz Əliyev, Elman Tağıyev, Nüsrət Cəlilov, Rahim Qasımov, Məmmədtağı Zəkiyev, Bəhram Həşimov, Ayaz Abbasov, Əfqan Abbasov, Şahin Məmmədov, Mirələsgər Ağayev, Rövşən Zülfüqarov, Həmidağa Ələkbərov, Seymur Qasımov, Taleh Rəsulov, Ceyhun Həbibov, Elçin Kərimov, Zahid Məmmədov, Əbülfəz Zəkiyev, Əli Bəşirov, Gülhüseyn Nuriyev və Asif Fərəcov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 228.2.1-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, başqasına vermə və daşıma) maddələri ilə ittiham edilirlər.