Yunanıstan Almaniyanın qəzəbinə tuş gəlib

Bu ölkənin maliyyə böhranı ilə bağlı gördüyü tədbirlər Almaniyanı qane etmir

Yunanıstanın maliyyə böhranı ilə bağlı gördüyü tədbirlər Fransa və Almaniya kreditorlarını qane etmir. Bu barədə açıqlama verən Fransa prezidenti Fransua Olland bildirib ki, yunan hökuməti Avropa Birliyi, Avropa Mərkəzi Bankı və Beynəlxalq Valyuta Fondunu razı sala bilmək üçün tələb olunan şərtlərə əməl etməlidir.
"Fransa qətiyyətlə avronu qorumağa çalışır. Lakin avronun qorunması sadə maliyyə hesablamaları aparmaqla başa gəlmir. Bunun üçün iqtisadi idarəetmədə tələb olunan şərtlərə əməl edilməlidir. Yunanıstan bu birliyin bir parçasıdır. Fransanın niyyəti Yunanıstanı avrozonada saxlamaqdır. Əlbəttə, hökumət bəzi tədbirlər görməlidir və öz etibarlılığını sübüt etməlidir. Hazırkı vəziyyət kreditorları, əsasən də, Almaniyanı narahat edir" - deyə Olland fikrini ifadə edib.
Almaniyanın baş naziri Angela Merkel isə bildirib ki, Avropa böhranıla bağlı qərarlar vermək üçün ciddi mərhələyə gəlib. Onun sözlərinə görə, liderlər vəziyyətlə bağlı məsuliyyəti dərk edərək düzgün addımlar atmalıdırlar.

"Hazırda maliyyə böhranı ilə mübarizədə ciddi mərhələyə gəlmişik. Buna görə də, hamı dediyi sözlərin və fikirlərin məsuliyyətini dərk etməlidir. Avropada hər bir ölkə bir-birilərinin hərəkətinə görə məsuliyyət daşıyır. Avropa təkcə maliyyə birliyi deyil, eyni zamanda, sülh və təhlükəsizliyi təmin edən siyasi qurumdur. Hazırda "Troyka" nümayəndələri Yunanıstanda aparılan islahatların yetərliliyi ilə bağlı təhlillər aparırlar. Biz təhlillərin cavablarını aldıqdan sonra Yunanıstanı mühakimə edə bilərik", - deyə Merkel bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31