Balansına kart yükləmədən danışa biləcəyiniz bahalı telefonlar
28 Avqust 2012 11:23 İqtisadiyyatSon illərdə texnologiyanın sürətli inkişafı danılmaz bir faktdır. Bahalı mobil telefon istehsal edən şirkətlər və mobil operatorların birgə layihəsi üzrə son model telefonlar satışa buraxılıb ki, onlardan balansına kart yükləmədən də danışmaq üçün istifadə etmək olur. Qiyməti? Çox baha. 1000 AZN-dən başlayır. Haradan əldə etmək olar? Bax bunu artıq mən də bilmirəm. Çünki telefon mağazaları şəbəkələrinə yaxınlaşdıqda hamı mənə təəccüblə baxdı. Axı mən görmüşəm! Dünən 65 nömrəli avtobusda yanımda 16-18 yaşlı bir gənc oturmuşdu. Telefonla danışırdı. Son model bir telefon idi. Danışanda da dedi ki, balansı sıfırdır...
Söhbətin nədən getdiyi aydın oldu. Balansına kart yükləməyə pulu olmayanlar borcla, kreditlə, faizlə bahalı telefonlar alırlar. Maraq xətrinə telefon mağazalarının birindən satılan telefonlar haqqında müəyyən informasiya aldıq. Əldə etdiyimiz məlumatlardan aydın oldu ki, telefon mağazalarında ay ərzində qiyməti 600 AZN-dən çox olan təxminən 70-100 arası telefon satılır. Çox vaxt belə telefonları valideynlər nağd pula 14-16 yaşlı uşaqları üçün alırlar. Bahalı telefonların alıcı təbəqəsini əsasən yaşı 30-a qədər olan gənclər təşkil edir. 30-60 yaşlı olanlar arasında da belə tip telefonlar alanlar var. Amma bu say azlıq təşkil edir - ay ərzində təxminən 4-5 telefon.
Belə bir vəziyyətlə də qarşılaşdıq. Namiq orta məktəbin 11-ci sinfində oxuyur. İstifadə etdiyi telefon markası isə ən bahalılardan biridir. Qiyməti - 899 AZN. Daha sonra məlum oldu ki, həmin telefonu Namiqin valideynləri kreditlə alıblar. Çünki aylıq məvacibləri o telefonu nağd pula almağa kifayət etmir. Övladlarının bu yaşında, heç bir yerdə işləmədiyi halda ona bu qiymətə, həm də kreditlə telefon almaqlarının səbəbini soruşduqda isə valideynin cavabı belə oldu: "Neyləyim? Uşaqdır, görür, istəyir. Sinif yoldaşlarının çoxunda bahalı telefonlardır, o da istəyir. Həm də valideyn nə üçündür?! Uşaqlarının istədiklərini etmək üçün".
Sonra da valideyn başlayır borcla, xərclə, nədənsə kəsərək həmin telefonun kreditini ödəməyə. Uşağın isə başı qarışır belə şeylərə, oxumaq isə düşür ikinci plana. Beləliklə, valideyn belə hərəkəti ilə övladını arxayınlaşdırır. Uşaq da düşünür ki, nə istəsəm, anam, atam alacaq, edəcək.
Əslində, gülməli yox, çox ağlamalı bir haldır. Balansına kart yükləmək üçün 1 manatı belə olmayan gənclər bahalı mobil telefonlardan istifadə edirlər. Kiminləsə danışmaq istədikdə isə "mənə zəng et" funksiyasının canı sağ olsun. Ya da ki - "varındırsa, mənə 20 qəpik göndər də..." Həyata baxışları bu tip telefonların sahib olduğu funksiyalarla məhdudlaşır. Gənclərimizə ədəbiyyatımızdan, tariximizdən adi bir sual verəndə gözlərini döyür, amma telefonların bütün funksiyalarını əzbər bilirlər.
13-23 yaşlılara bahalı telefonların alınması nə dərəcədə doğrudur? Bunları etməklə valideyn uşağın gələcəyinə nə kimi təsir etmiş olur? Belə bir sualla psixoloqa müraciət etdik. Psixologiya və Konsultasiya Mərkəzinin psixoloqu Elnur Rüstəmov sualımızı belə cavablandırdı:
"O yaşda uşaqları ilk öncə əməyə alışdırmaq lazımdır. Hər bir valideyn ən yaxşı şeyləri övladlarına rəva bilir. Valideyn tərəfindən bu, normal qarşılana bilər. Ancaq nəzərə almaq lazımdır ki, o, övladının gələcək inkişafına kömək etməlidir. Təəssüflər olsun ki, başqa bir tendensiyanın şahidi oluruq. Hər şeydə uşaqların yerinə qərar verilir. Məsələn, övladları harada və hansı istiqamətdə təhsil alacaq, harada işləyəcəklər və s. Bu isə uşaqlarda özgüvən hissini dağıdır. Onlar hər şeyi hazır əldə etdiklərindən özlərini faydalı hiss etmirlər. Nəticədə kənar əyləncələrə meyl edirlər. Bunlar narkotik, gecə həyatı və s. də ola bilər. Bu gün cəmiyyətdə belə uşaqlara az rast gəlmirik. Bu da tərbiyə prosesinin doğru qurulmamasının nəticəsidir. Bütün yatırımlar birmənalı olaraq uşaqların təhsilinə yönəlməlidir. Dolayısı ilə, valideyn uşağına balıq verməməli, ona balıq tutmağı öyrətməlidir. Bu onun gələcəkdə yaşaya bilməsinə zəmanət ola bilər".
Sizin üçün elə də vacib olmayan telefonlara və bahalı texnologiyalara pul verməkdənsə, öz təhsilinizə və gələcəyinizə kapital yatırın. Bu gün çalışın ki, sabah bəhrəsini görəsiniz. milli.az