Torpaq qiymətdən düşüb
27 Avqust 2012 16:55 İqtisadiyyat2012-ci ilin iyul ayı ərzində bazara təklif olunan ümumi 746,1 ha torpaq sahəsinin 80,4%-ni boş sahə, qalanını isə qeyri-yaşayış və köhnə yaşayış sahələri təşkil edib. Torpaq bazarında təklifə çıxarılan torpaq sahələrinin sayının çox olmasına baxmayaraq yay mövsümü ilə bağlı torpaq sahələrinə tələbin azalması müşahidə olunub. Tələbin azalması və bazarın regionlara doğru genişlənməsi bazarda təklif üzrə orta qiymətlərdə azalmanı bir qədər də dərinləşdirib (0.7%). Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında ötən ayla müqayisədə azalma qeydə alınıb və bazarın bu seqmenti üzrə aktivlik əvvəlki aya nisbətən mənfiyə doğru dəyişib. Aparılan bazar araşdırmaları göstərir ki, şəhərin mərkəzində torpaq sahələrinin həddən artıq məhdudlaşmasına baxmayaraq zonalar üzrə də qiymətlərdə azalma müşahidə olunub. Son dövrlər paytaxtda mənzil söküntüsünün aparılması, şəhərsalma ilə bağlı tədbirlərin həyata keçirilməsi, şəhərdaxili köhnə yaşayış massivlərinin söküntüsü hesabına fərdi-yaşayış evlərinə və sənədli torpaq sahələrinə tələb artsa da, mövsümlə əlaqədar iyul ayında bu tendensiyanın azalma ilə əvəz olunması davam edib.
İyul ayı ərzində Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə azalma qeydə alınıb. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 15007$/sot səviyyəsindən 0,7% azalaraq 14895 $/sot təşkil edib. İyul ayında Bakı şəhəri üzrə əksər rayonlarda qiymət azalması baş verib. Ən çox qiymət azalması Yasamal rayonunda (1.1%) qeydə alınıb.