Azərbaycanda bir sıra avtomobillərin idxalına qoyulmuş qadağa qüvvəyə minib

Bu gündən ABS əyləc sistemi və ən azı, bir təhlükəsizlik yastığı olmayan avtomobillər ölkəyə buraxılmır.  Bu gündən antibloklama sistemi (ABS) və təhlükəsizlik yastığı olmayan avtomobillərin Azərbaycana gətirilməsi qadağan edilir. Anspress-in məlumatına görə, "Təkərli nəqliyyat vasitələrinin, onların avadanlıqlarının və hissələrinin sertifikatlaşdırılması qaydası" AZS 635-2012 dövlət standartının tələblərinə əsasən, Azərbaycana idxal olunan və ölkədə istehsal olunan avtomobil nəqliyyatı vasitələrində (tam ötürücü transmissiyalar istisna olmaqla) ABS əyləc sistemi və ən azı bir təhlükəsizlik yastığı olmalıdır. Bu tələblərə cavab verməyən avtomobillərin idxalına və istehsalına icazə verilməyəcək. Bu qərar 2,5 tondan az çəkisi olan minik avtomobillərinə şamil edilir. Bununla yanaşı, Azərbaycana ABS əyləc sistemi və təhlükəsizlik yastığı olmayan avtomobillərin idxalının dayandırılması haqqında qərar "VAZ-2121 Niva" və UAZ markalı minik avtomobillərinə şamil edilmir.Azərbaycana ABS əyləc sistemi və təhlükəsizlik yastığı olmayan avtomobillərin idxalının dayandırılması haqqında qərar artıq istifadədə olan avtomobillərə şamil edilmir. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Milli Metrologiya Mərkəzinin direktoru Namiq Tağıyevin sözlərinə görə, istismarda olan avtomobillər köhnəldikcə tədricən bazardan çıxarılacaq.Qeyd edək ki, 2012-ci ilin əvvəlinə olan vəziyyətə görə, Azərbaycanda təxminən 1 milyon minik avtomobili qeydiyyata alınıb, onlardan 400 mini təhlükəsizlik normalarına cavab vermir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31