Vergilər Nazirliyi ikitərəfli SMS xidmətlərini təklif edir
24 Avqust 2012 15:55 İqtisadiyyatVergilər Nazirliyi vergi ödəyicilərinə ikitərəfli SMS xidmətlərini təklif edir. Nazirlikdən verilən məlumata görə, xidmətdən istifadə etmək üçün ilk növbədə mobil telefon nömrəsi qeydiyyatdan keçirilməlidir. Bunun üçün mobil telefonda *195*istifadəçi kodu*şifrə# yığılmaqla yes düyməsi sıxılır. Buradakı istifadəçi kodu və şifrə vergi orqanı tərəfindən sizə təqdim edilmiş istifadəçi kodu və şifrə ilə eynidir. Məsələn: *195*00000541*123456#yes Bu zaman nömrənin qeydiyyatdan keçirilməsi üçün mobil operator tərəfindən nömrənin balansından 0,10 manat xidmət haqqı tutulur. Nömrənin qeydiyyatdan keçirildiyi barədə müvafiq mesaj telefonunuza gəldikdən sonra aşağıdakı variantlardan birini və ya hər ikisini seçməklə xidmətdən yararlanmaq olar. Həmçinin xidmətə abunə olmaq üçün qeydiyyatdan keçirilmiş mobil telefon nömrəsindən start yazılıb 8195 nömrəsinə SMS göndərilməlidir. Bir nömrə iki və daha çox vergi ödəyicisi üzrə də qeydiyyatdan keçirilə bilər. Bunun üçün müvafiq VÖEN və start sözü, məsələn 1000567891 start yazılıb 8195 nömrəsinə SMS göndərilməlidir. Abunə olmuş vergi ödəyicisinə büdcəyə ödəniş edildikdə, büdcəyə borcu yarandıqda, təqdim etdiyi bəyannamə üzrə vergi hesablandıqda, bəyannamə üzrə uyğunsuzluq yarandıqda, təqdim edilməli bəyannamələri olduqda, fəaliyyətini dayandırdıqda, fəaliyyəti aktivləşdikdə, cari vergi ödəmələri barədə arayış təqdim etdikdə, cari vergi ödəmələri hesablandıqda, ləğv bəyannamələri göndərməli olduqda müvafiq məzmunlu SMS-lər göndərilir. Aylıq abunə haqqı 1,18 manatdır və abunəlik passivləşdirilənədək hər ay nömrənin balansından sabit şəkildə həmin məbləğ mobil operator tərəfindən tutulur. Abunəliyin passivləşdirilməsi üçün stopyazılaraq 8195 nömrəsinə SMS göndərilməlidir və bu zaman 0,10 manat xidmət haqqı tutulur.