Bankların faiz dərəcəsi niyə yüksəkdir?

Vüqar Bayramov: “Milli Bankın uçot dərəcəsi kommersiya kreditlərindən 4 dəfə azdır”

"Azərbaycan bank faizlərinin yüksəkliyinə görə, MDB ölkələri arasında ilk üçlükdədir". Bunu İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov "OLAYLAR"a açıqlamasında bildirib. O qeyd edib ki, Azərbaycan, Ukrayna və Belarus MDB-də ən yüksək faizlə kredit təklif edən ölkələrdir: "Azərbaycanda bank likvidliyinin artımı, əmanətlər üzrə faizlərin aşağı düşməsi müşahidə edilsə də bank faizlərində azalma yoxdur. Hazırda kommersiya banklarının təklif etdikləri kredit faizləri 16 -30 faiz intervalında dəyişir. Depozitlər üzrə faiz dərəcəsi isə son bir ildə 16 faizdən 8 faizə düşüb". Mərkəzi Bankın uçot dərəcəsinin 5,25 faiz olduğunu xatırladan ekspert deyib ki, uçot dərəcəsi kommersiya kreditlərindən 4 dəfə azdir: "Hansıki bu da iqtisadi baximndan anormal balansdır. Bank faizlərinin yüksək olması bir neçə səbəblə bağlıdır. Əvvəla bank sektorunda ciddi inhisar meylləri var. V.Bayramov bildirir ki, Azərbaycanda fəaliyyət göstərən banklarda  faiz siyasəti mərkəzləşdirilmiş idarə olunur. Bu da faizlərin aşağı düşməsinə şərait yaratmır.
Banklarda faiz dərəcəsinin yüksək olmasının səbəblərindən biri də yerli bankların beynəlxalq kredit reytinqinin yüksək olmaması ilə bağlıdır: "Beynəlxalq kredit reytinqinin yüksək olmaması banklara birbaşa kredit resurslarına müraciət etmək şəraitini yaratmır. Banklar adətən vasitəçilər tapmaqla kredit resursları əldə etməyə çalışırlar. Bu da fazilərin artımına təsir edir. Belə ki, bu zaman cəlb edilən faizlərinin üzərinə cəlb edilən vəsaitlərin üzərinə əlavə vasitəçi faizi əlavə edilir ki, bu kredit xərcini artırır". V.Bayramov deyir ki, Mərkəzi Bankın mərkəzləşdirilmiş kreditlərinin həcmi bankların cəlb etdikləri kreditlərin cəmi 5 faizini təşkil edir: "Bu da bankların vəsaitlərin 95 faizini kənardan cəlb etmələri deməkdir. Kredit faizlərinin yüksək olması həm də bəzi bankların qısa müddətdə gəlir əldə etmək istəyi ilə bağlıdır".
Bununla belə problemli kreditlərin  həcmində kəskin artımların olduğunu söyləyən  V.Bayramov bildirir ki, problemli kreditlərin həcmi 649 milyon manat təşkil edir: "Əvvəlki illə müqayisədə problemli kreditlərin həcmində 28 faiz artım var. Problemli kreditlərin bank aktivlərindəki payı 8 faizə yaxındır. Beynəlxalq standartlara görə, problemli kreditlər bank aktivlərinin 3 faizindən çox təşkil edirsə  bu artıq  kritik həddir. Azərbaycanda problemli kreditlərin həcmi  beynəlxalq həddlə müqayisədə 3 dəfə atrıqdir. Hansı ki bu da problemli  kreditlərin gələcəkdə bank sektorunda ciddi problem yarada biləcəyi narahatçılığını yaradır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31