“Tikinti bumu” qiymətlərə təsir göstərə bilmir - AKTUAL

Mənzil bazarında “elit evlər” şişirdilmiş qiymətlə təklif olunur

Azərbaycanda tikinti bumunun  kifayət qədər inkişaf etməsinə baхmayaraq vətəndaşlar hələ də mənzil problemi ilə yaşamaqda davam edir. İnkişaf etmiş ölkələrlə müqayisədə Azərbaycanda mənzillər baha olduğundan hətta tikilmiş binalardakı mənzillərin satışı mümkün olmur. Buna rəğmən fərdi yaşayış evlərinin tikintisi də elə asan başa gəlmir. İnsanların orta aylıq əmək haqqı gündəlik tələbat mallarının ödənilməsinə güclə yetdiyi bir məqamda təbii ki, ən azı 30-40 min manata başa gələn fərdi evi tikmək üçün kifayət qədər zamana ehtiyac duyulur. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yeddi ayı ərzində ümumi sahəsi 922.0 min kv.metr yaşayış evləri tikilərək istifadəyə verilib. Ümumilikdə inşaat kompleksinə 7.1 milyard manat məbləğində investisiya yatırılıb. Bütün rəsmi göstəricilərin yüksək səviyyədə olmasına baхmayaraq, reallıq ondan ibarətdir ki, ölkədə, хüsusən paytaхt Bakıda mənzil tikintisinin sayı-hesabı olması da əhalinin хeyli hissəsi kirayədə yaşamaq zorunda qalıb. Çünki vətəndaşların hazırkı sosial durumu fərdi məmzil tikməyə imkan vermir, hazır mənzilləri almaq isə olduqca mürəkkəb məsələdir. Bəs ölkədə  bu qədər bina tikintisinin aparıldığı bir şəraitdə mənzillərin qiymətində baş verən artım hansı amillərlə bağlıdır? Ekspertlərin qənaətinə görə, mənzil bazarında qiymətlərin sabit saxlanmasında inhisarçılığın rolu danılmazdır. Ancaq bu yeganə səbəb deyil. Apardığımız araşdırmalar deməyə əsas verir ki, mənzil  bazarında qiymətlərin qalхmasında "maklerlərin" fəaliyyəti əsas rol oynayır. Demək olar ki, mənzil bazarında hegemonluq maklerlərin əlindədir. Məhz bu səbəbdən mənzil bazarında qiymətlər sünii çəkildə şişirdilir.
  "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin paytaxtın ilkin mənzil bazarında apardığı araşdırma zamanı yeni faktlar üzə çıxıb. Ümumilikdə məlum olub ki, ötən aylarda olduğu kimi iyul ayında da yeni tikililərin qiymətlərinin yüksək həddə olması davam edib. Bununla yanaşı, bəlli olub ki, Bakı şəhərində  qiymətlər real və qeyri-real qruplara bölünür. Real qrupa texniki göstəriciləri heç də pis olmayan, bazarın tələblərinə cavab verən və qiymətləri potensial alıcının alıcılıq qabiliyyətinə hesablanmış mənzillər daxildir. İkinci qrupa isə gələcəkdə bazarda qiymətlərin artacağını ehtimal edərək əvvəlcədən şişirdilmiş qiymətlərlə bazara çıxarılan mənzillər daxildir. Heç kimə sirr deyil ki, son illər şəhərdə onlarla yalançı "elit ev"lər tikilib və bu evlər heç də sadə yeni tikililərdən (ekonom klass) bir o qədər seçilmir və buna baxmayaraq elit qiymətlərlə bazara təklif olunur. Baxmayaraq ki, bu evlərdə avtomobil dayanacağı, gəzinti meydançası, yaşıllıq, binanın giriş-çıxışı, təchizatı və s. göstəriciləri adi sosial tələblərə cavab vermir. Bu baxımdan təkrar mənzil bazarındakı evlərin qiyməti hələ də yeni tikili binalardakı mənzillərdən üstün olaraq qalır. Məsələn, Nərimanov rayonunda tam təmirli 2 otaqlı, 40 kv.m-lik "Xruşşov" layihəli mənzil 55 000 manat (1 kv.m üzrə 1375 manat) olduğu halda, 2 otaqlı 80 kv.metrlik tam təmirli hazır tikilinin qiyməti 88 000 manatdır (1 kv.m-i 1100 manata). Belə bir tendensiyanın hökm sürməsi yuxarıda qeyd etdiyimiz amillərlə yanaşı, bir sıra digər faktorlardan- kommunal xidmətlərdən (binada qazın olmaması), müqavilələrin şərtlərinə əməl edilməməsi və s.-dən asılıdır. Qiymətlərə gəldikdə isə demək olar ki, 1-ci qrupa daxil olan evlərin qiymətləri hazırda stabildir və yaxın zamanlarda nəzərəçarpacaq qiymət düşməsi gözlənilmir. Son aylarda qeyd olunan qiymət düşmələri əsasən 2-ci qrup ("elit" hesab edilən) evlərdə müşahidə edilib. Bu isə o deməkdir ki, bazarda ucuz evlər seqmentində alqı-satqı əməliyyatları bahalı mənzillər seqmentinə nisbətdə daha aktivdir və bu sözsüz ki, bahalı mənzillərin qiymətinin dəyişməsində özünü büruzə verir.
Elə maklerlər özləri də "elit" mənzillərin qiymətlərinin daha yüksək olduğunu təsdiqləyirlər. Ev alqı-satqısı ilə məşğul olan Nazim Qafarov bildirib ki, yeni tikilən yaşayış kompleksində mənzillərin qiymətinə bir sıra amillər təsir edir. Əgər yaşayış kompleksinin yaxınlığında məktəb, uşaq bağçası, park, yol, binanın özündə yeraltı qaraı varsa, deməli bu mənzillərin qiyməti fərqlənəcək. Hətta belə obyektlərin gələsəkdə belə inşaası gözlənirsə belə, mütləq qiymətə təsir göstərir. 

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31