Asbest şiferin satışı bərpa edilib, lakin daha baha qiymətlə

İyul ayında tikinti materialları bazarında aktivlik və satış həcmi mövsümi amillərlə əlaqədar olaraq daha dinamik olub, orta bazar qiymətlərində artım müşahidə edilib. "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən "Olaylar"a verilən məlumata görə, ötən aylarda Rusiyadan idxal edilən asbest şiferin idxalına və satışına qoyulan məhdudiyyətlər iyul ayında aradan qaldırılıb, lakin 27,1% bahalaşaraq satışa çıxıb. Belə ki, ilin əvvəlində şiferin qiyməti 5,35 manat təşkil edirdisə, son ayda bu göstərici 6,80 manata çatıb. Kəskin bahalaşma müşahidə edilən digər tikinti materialı "Gilan Holdinq"in istehsal etdiyi alçıpan materialları ilə bağlı olub. Ötən ayda 9,5 mm-lik 9,30 manata satılan alçıpan iyul ayında 11,50 manata, 12,5 mm-lik 11,6 manata satışa çıxarılan alçıpan isə 13,50 manata təklif edilib. Rusiyanın taxta materiallarının idxalında yaranan qıtlıq bu materialın da qiymətinə təsirsiz ötüşməyib. Ötən ayda 1 kub metri 220 manat təklif edilən rəndələnməmiş şam ağacı taxtasının qiyməti iyulda 2,3% artaraq 225 manata bərabər olub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31