Daha 10 bank bağlanacaq - AKTUAL

Samir Əliyev: “4 bankın məcmu kapitalı 10 milyon manatdan azdır”

Azərbaycan Mərkəzi Bankının son məlumatına görə, 4 bankın məcmu kapitalı 10 milyon manatdan azdır. Hətta 1 bankda bu göstərici 3,5 milyon manatdan da azdır". Bunu "İqtisadi Təşəbbüslərə Yardım" İctimai Birliyinin eksperti Samir Əliyev deyib. Onun sözlərinə görə, əslində, bu gün 4 bankın məcmu kapitalı 10 milyon manatdan aşağı olması həmin bankların ləğv olunması ilə nəticələnə bilər: "Ancaq Mərkəzi Bankın bankların məcmu kapitalını 50 milyon manata qaldırılması ilə bağlı son qərarı onu deməyə əsas verir ki, bazarı təkcə bu 4 bank tərk etməyəcək. Onlara yəqin ki qoşulanlar da olacaq". Ekspert bildirir ki, bankların mənfəəti getdikcə azalır, zərərləri isə artır: "Artıq ölkədə fəaliyyət göstərən hər 4 bankdan biri zərərlə işləyir. Bu gün 9 bank zərərlə işləyir. Getdikcə belə bankların sayı isə artır". S. Əliyevin fikrincə, əgər 2011-ci ilin 6 ayında bankların ümumi mənfəəti 70 milyon manat idisə,  2012-ci ilin müvafiq dövründə bu göstərici 7 dəfə azalaraq 10 milyon manata düşüb: "Bankların sayının çoxluğu, bazarın kiçik olması, əhalinin böyük hissəsinin bank sektorundan kənarda qalması, bankların gəlir qazanmaq imkanını azaldır. Üstəgəl problemli kreditlər bankları vadar edir ki, kredit qoyuluşunu məhdudlaşdırsın, faizi qaldırsın, verilən kreditin məbləğini azaltsın". Onun sözlərinə görə, belə vəziyyətdə bankların xərcləri də artır: "Xərclərin artması, gəlirlərin isə azalması öz növbəsində mənfəətin azalmasına gətirib çıxarır. Üstəgəl, bu gün müştəri kontingenti də məhduddur". İqtisadçı-ekspert deyir ki, indiki vəziyyət bank sektorunu uçuruma aparır və belə çox davam edə bilməzdi: "Ona görə də Mərkəzi Bank çıxış yolu kimi bu addımı atdı. Hazırda 15-ə yaxın bankın məcmu kapitalı 50 milyon manatdan çoxdur. Yaxın 16 ay müddətində 28 bank kapitalını bu həddə çatdırmalıdır. Fikrimcə, yeni normanın tətbiqi ilə əlaqədar 10-a yaxın bank bağlanacaq. Ola bilsin belə bankların sayı daha çox olsun.".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31