Maliyyə Nazirliyi xəbərdarlıq etdi
İllik maliyyə hesabatını vaxtında təqdim etməyənlər məsuliyyət daşıyacaq
22 Avqust 2012 12:40 İqtisadiyyatMaliyyə Nazirliyi kommersiya təşkilatlarına xəbərdarlıq edib. Nazirliyin mətbuat xidmətindən "Olaylar"a verilən məlumata görə, maliyyə hesabatını vaxtında təqdim etməyən təşkilatlar məsuliyyət daşıyacaq. Belə ki, "Mühasibat uçotu haqqında" Qanuna əsasən dövlət zəmanəti ilə kredit alan və ya dövlət borcunun xərclənməsi ilə bağlı layihələrdə iştirak edən, həmçinin büdcədən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı büdcə vəsaiti ayrılan kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə mühasibat uçotu sahəsində dövlət tənzimlənməsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər. "Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş maliyyə hesabatlarının təqdim edilməsi, hesabat dövrləri və dərc edilməsi Qaydaları" na uyğun olaraq kommersiya təşkilatları illik maliyyə hesabatlarını və birləşdirilmiş maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra, müvafiq olaraq sonrakı ilin aprel ayının 30-dan və iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər. Qanuna müvafiq olaraq maliyyə hesabatlarının hazırlanması, təqdim olunması, dərc edilməsi, uçot sənədlərinin saxlanılması ilə əlaqədar qanunvericiliyin pozulmasına görə təqsirkar olan şəxslər müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.