"Toppuş" və "Şəbnəm" nişanlı qarğıdalı çubuqlarının istehsalı dayandırıldı
17 Avqust 2012 17:44 İqtisadiyyatStandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, B.Bünyadov küçəsi 11 ünvanında fəaliyyət göstərən fiziki şəxs Haşem Bagheri Fathaliyə məxsus istehsal sexində də dövlət nəzarəti aparıb. Araşdırma zamanı müəyyən edilib ki, müəssisədə "Toppuş" və "Şəbnəm" nişanlı qarğıdalı çubuqları, "Popcorn" qarğıdalısı, marmelad, noğul və külçə məhsulları AZS Milli sertifikatlaşdırma sisteminin qaydalarına əsasən sertifikatlaşdırılmadan satışa çıxarılır. Müəssisədə sanitariya norma və qaydalara riayət olunmur, təhlükəsiz məhsul istehsal etmək üçün lazımi şərait yoxdur, xammal və hazır məhsul anbarlarında məhsulların saxlanması zamanı normativ sənədlərin tələblərinə riayət olunmur. Bundan başqa məhsulların içinə hədiyyə kimi qoyulan Çin istehsalı olan plastik kütlədən hazırlanmış oyuncaqların mənşə, keyfiyyət və təhlükəsizliyini təsdiq edən sənədlər yoxlamaya təqdim edilməyib. İstismar olunan 67 ədəd ölçmə vasitəsi müqayisəli yoxlamadan keçməmiş halda istifadə olunur. Aşkar olunmuş nöqsanlarla bağlı fiziki şəxs Haşem Bagheri Fathaliyə qarğıdalı çubuqları, noğul, marmelad, kurabiyə və Lənkəran külçəsinin istehsalı və satışı qadağan edilib, İnzibati Xətalar Məcəlləsinin 228.0.3 və 228.0.12 maddələrinə əsasən 1500 manat miqdarında cərimə edilib.