Acer birinci yerə qayıtmağa nail olub
16 Avqust 2012 14:26 İqtisadiyyat1976-cı ildə yaradılan Tayvanın Acer şirkəti ötən il müvəqqəti olaraq sahib olduğu dünyanın ən iri fərdi kompüter tədarükçüsü adını itirərək diqqətini daha bahalı və gəlirli kompüterlərə yönəltsə də, bu sahədə böyük uğurlar qazana bilməyib.
İndi isə Gartner analitik şirkətinin məlumatına əsasən, Acer cari ilin ikinci rübünün yekunlarına görə yenidən dünyada birinci yerə qayıtmağa nail ola bilib, lakin bu birincilik hələ ki noutbukların tədarükü üzrə qərarlaşıb. Hazırda şirkət mobil kompüterlər bazarının 15,4 faizinə sahib olmaqla hər rüb payını 1,2 faiz artırır.
Tayvan istehsalçısı daha çox Avropa, Yaxın Şərq və Afrika regionunda müvəffəqiyyət əldə edə bilib. Bu regionda şirkətin noutbukların tədarükü üzrə payı rüblük 3,8 faiz artımla 20 faiz təşkil edir.
Gartner dünya üzrə fərdi kompüterlər bazarına aid məlumatları da açıqlayıb. Burada Acer ilin ikinci rübünün nəticələrinə görə 11,4 faizlik payla üçüncü yeri tutub. ("OLAYLAR"İA)