Saxta endirim aşkarlanıb
13 Avqust 2012 13:14 İqtisadiyyatİqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Atatürk prospekti, 60 ünvanında Burcugül Kandırmaza və Aysel Əsədovaya məxsus mağazalarda aparılan yoxlama zamanı, mağazalarda qeyri-dəqiq reklamlardan istifadə edilməklə istehlakçıların aldadılması halları müəyyən edilib. Belə ki, mağazalarda endirimlərin tətbiq olunması barədə reklamlar verilsə də, satışda olan mallara endirimin tətbiq edilmədiyi aşkarlanıb. Nazirlikdən "Olaylar"a verilən məlumata görə, qeyd olunan reklamın aidiyyatı strukturlardan icazə alınmadan yayımlandığı aşkar olunmuşdur. Qanunsuz reklamın yayımının dayandırılması barədə Dövlət Xidməti tərəfindən təsərrüfat subyektlərinə müvafiq göstəriş verilib. Araşdırmalar davam edir.