Dünyada ərzağın bahalaşması yeni böhrana səbəb ola bilər
10 Avqust 2012 16:55 İqtisadiyyatBu ilin iyul ayında hava şəraitinin kəskin pisləşməsi nəticəsində dünyada ərzağın qiyməti kəskin bahalaşıb. APA-nın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatına (FAO) istinadən məlumatına görə, qiymətlərin artımı nəticəsində 2007-2008-ci ildəki ərzaq böhranı təkrarlana bilər. FAO-nun məlumatına görə, qiymət artımının əsas səbəbi dünyanın ərzaq bazarında mühüm yer tutan ölkələrdəki çətinliklərdir, bura Braziliyadakı vaxtsız güclü yağışlar, ABŞ-dakı quraqlıq və Rusiyadakı istehsal çətinlikləri aiddir.
Nəticədə, iyul ayında ərzaq ümumilikdə 6 faiz bahalaşıb. Taxılın qiyməti 17 faiz, şəkərin qiyməti 12 faiz yüksələrək növbəti maksimumlara çatıb. Qarğıdalının qiyməti isə 30 faizdən çox artıb: "ABŞ-da quraqlıq nəticəsində qarğıdalı tədarükü ilə bağlı proqnozların kəskin azalması iyul ayında qiymətləri 33 faiz artırıb", - deyə FAO bildirir.
Bununla yanaşı, iyulda düyü və süd məhsullarının qiyməti dəyişməyib, ət isə, ümumiyyətlə, 1,7 faiz ucuzlaşıb. Təşkilatın ekspertləri bildirirlər ki, baş verənlər fonunda 2007-2008-ci illərdəki vəziyyətin təkrarlanacağı ehtimalı yaranır. Bunun baş verməməsi üçün düzgün siyasət aparılmalı və bazara çıxarılan məhsullar məhdudlaşdırılmamalıdır.
Qeyd edək ki, bu ilin əvvəlindən ərzaq qiymətlərinin bahalaşması Mərkəzi və Qərbi Afrikada artıq ərzaq böhranına səbəb olub və 18 mln. əhaliyə təsir edib.