ARDNŞ dəniz yatağında tullantıların beynəlxalq standartlara uyğun utilizasiyasına başlayıb
8 Avqust 2012 21:12 İqtisadiyyat"Neft Daşları" NQÇİ-nin ərazisində formalaşan bərk məişət tullantılarının beynəlxalq standartlara uyğun utilizasiyasına başlanılıb. Trend-in məlumatına görə, bu barədə ARDNŞ-nin "Azneft" İstehsalat Birliyinin yaydığı məlumatda deyilir.İstehsalat və məişət sahələrində quraşdırılmış konteynerlərdə zibil plastik torbalara toplandıqdan sonra xüsusi avtonəqliyyat vasitəsilə yeni istismara verilmiş insenerator tipli A 2600 markalı sobaya çatdırılır və orada 800 C dərəcəyə yaxın temperaturda yandırılır.
Yandırma nəticəsində əmələ gələn kül qalıqları tam zərərsizdir və onun ətraf mühitə təsiri heçə bərabərdir.Beləliklə, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin ekoloji siyasəti ilə müəyyənləşdirilən "0" tullantı prinsipinə nail olmaq istiqamətində növbəti bir addım atılıb.
"Azneft" İB-nin ekoloji proqramına uyğun olaraq, 2012-ci ilin sonunadək eyni tipli sobanın Çilov adasında da quraşdırılıb istismara verilməsi planlaşdırılır.