Saxta endirimlər - ARAŞDIRMA
Satış mərkəzlərindəki endirimlər həqiqəti əks etdirmir!
8 Avqust 2012 16:38 İqtisadiyyatİqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin qəfləti yoxlanışlarından sonra endirimlərlə bağlı reklam vermiş bəzi ticarət obyektlərinə inzibati cərimələr tətbiq olunub. Lakin, bundan lazımi dərəcədə dərs götürməyən dükan sahibləri hələ də analoji halları təkrar edirlər. Məsələ hərtərəfli problem içindədir.
İqtisadi İnkişaf Nazirliyinin dəfələrlə bəyanatlarına əhəmiyyət verməyən Bakıdakı ticarət müəssisələri reklam bazarında Azərbaycan dilini təhrif edirlər. Həmçinin dükanların üzərində və şəhərin müxtəlif istiqaməatlərində reklam olunan endirimlər bütün mallara şamil edilmir. Bundan başqa adi sexlərdə adi dərzi üsulu ilə hazırlanan paltarların üzərinə dünyanın məşhur markalarını vuraraq əhalini aldadırlar. Malların Türkiyə və İtaliyadan gətirildiyi iddia olunsa da biznesdə əsas idxal ölkəsi Çindir. Bakıda səyyar şəkildə alverlə məşğul olan Çin vətəndaşlarından, yaxud da "Binə" və "Sədərək" Ticarət mərkəzlərindən paytaxtın "Torqovı" adlanan hissəsindəki satış mərkəzlərinə gətirilən malların üzərinə böyük qiymətlər qoyulmaqla endirimlərlə satılır.
"Sale", yoxsa endirim?
Bakının mərkəzi hissəsində fəaliyyət göstərən "Calvin Klein Jeans", "History", "Balizza", "Kameya", "Viva", "Mirtillo Uşaq geyimləri" kimi dükanların üzərindəki endirim əvəzinə ingiliscə olan sale sözünün yazılması alıcıları çaşdırır. Nəzərə alsaq ki, ingilis dilini bilənlərin sayı Azərbaycanda azlıq təşkil edir və bu alış zamanı da problemlər yaradır. Bəzən bunlardan başları çıxmayan istehlakçılar malları endirimlər edilmədən alırlar. Əsas səbəbi də alıcıların satıcılar tərəfindən düzgün məlumatlandırılmamasıdır. Ticarət obyektlərinin adlarının və kompaniyaların əcnəbi dillərdə aparılması buradan istifadənin vətəndaşlardan çox az sayda xarici ölkələrdən olanların işinə yarayır. Onu da nəzərə alsaq ki, əcnəbi ölkə vətəndaşlarının geyimə o qədər də əhəmiyyət verməməsindən əsas istehlakçıların Azərbaycan vətəndaşları olduğu məlum olur. Azərbaycan istisna olmaqla başqa ölkələrdə əcnəbi dillərlə yanaşı reklam kompaniyaları ana dillərində aparılır. Hətta Avropanın bir çox ölkələrində əcnəbi alıcılar həmin ölkənin dilində danışmasa mallar onlara satılmır. Qaldı ki adların başqa ölkənin dilində olmasına, bu arxa plana keçir.
"Torqovı" da qiymətlər əlləri yandırır!
Mərkəzdə - Ə.Əliyev 11 ünvanında fəaliyyət göstərən "Tommy Hılfıger" paltar satışı mağazasında qiymətlərin üzərinə 50% endirim qoyulub. Dükanda cinslərin qiyməti 102 manatdan başlayır. Satıcının sözlərinə görə mağazada əsasən Çindən gətirilən firma malları üstünlük təşkil edir. Həmin cinslər digər satış obyektlərində 25-30 manata satıldığı halda "Tommy Hılfıger"də 102 və üstü olan son dərəcə baha qiymətlərə satılır. Qiymətlərin belə baha olmasının səbəbi icarə haqqının yüksək olması ilə əlaqələndirilir. Burada paltarlara 50 faiz endirim edilsə də əslində mallar öz dəyərinin iki qatına satılır. Məsələ belədir ki, paytaxtın ayrı-ayrı yerlərində bir cins 35 manata satılırsa "Tommy Hılfıger"də həmin şalvarın üstünə nə az nə çox 67 manat pul qoyulur. Guya güzəşt edilərək 50 faiz endirim edilir. Belə mağazalarda icarəçilərin tez-tez dəyişməsi paltarların baha olması və alıcılıq qabiliyyətinin aşğı olması ilə əlaqədardır.
Topdan və pərakəndə satış mərkəzlərində 12 manata olan ayaqqabı Xaqani küç.4 ünvanında yerləşən "Brothers" mağazasında 40 manat müqabilində satılır. Və 50 faiz endirim edilir. Digər satış yerlərində 70-80 manata başa gələn şalvar-pencək dəsti isə 245 manata satılır. Bu dükanda da əvvəlkilər kimi də reklamlar ingilis dilində yerləşdirilib. "Brothers"dən alış-veriş etmək istəsən gərək ki, qızıl səltənətinin üstündə yatasan. Bu silsiləyə "Sabina" parfümeriya, "Mango" paltar mağazası, "Mirtillo" uşaq paltarları dükanı, "Viva" ayaqqabı evi, "Balizza" paltar satış mərkəzi aiddir. Endirimlə alış-veriş edən mağazaların eyni problemi var - reklamlar düzgün yerləşdirilimir, alıcılar qiymətlərdə aldadılır.
Məsələnin başqa tərəfi isə analoji halların mebel salonlarında yaşanmasıdır. Belə yerlərdə yenə də malların dəyəri maya qiymətindən artıqdır. Dəfələrlə faizsiz kredit adı altında kompaniya keçirən "İdaş" mebel salonu mebel malları üzərinə artıq qiymətlər qoymaqla satıb. Hesablayanda da yataq dəstinin öz qiyməti 1000 manatdırsa faizsiz kreditlə bu 1500 manat təşkil edir. Yəni müəssisə rəhbərliyi yenə də yalançı kompaniyadan kredit tutmuş olur. Bundan başqa "Florensiya" pərdə, "Pierre Cardin home collection" mebel, "Belux" mebel mağazaları da bu bazarda əsas pay sahibidirlər. Məişət avadanlıqlarının və elektron mallarının (əsasən "Magnit mağazalar şəbəkəsi") aylıq və illik kreditlərlə verilməsi, endirimlər edilməsi bütün mallar şamil edilmir. Belə ki, reklam çarxında yerləşdirilən bütün mallara endirim və kredit sözləri həqiqət deyil. Müştərilər belə hallarla tez-tez rastlaşırlar. Reklam kompaniyalarında müştərilər müəssisələr tərəfindən aldadılır. "Tək şəxsiyyət vəsiqəsilə kredit" adı altında olan reklamlar doğrunu əks etdirmir. Obyektə baş çəkən alıcılardan kimliklə yanaşı iş yerindən arayış da tələb olunur. Burada diqqət çəkən başqa məqam isə bölgə qeydiyyatında olan vətəndaşlara kreditlərlə avadanlıqların verilməməsidir.
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin yenidən ticarət məntəqələrinə inzibati cərimələr edəcəyi gözlənilir. Bir sıra obyektlərin bağlanması əsas söz mövzusudur. Məsələ gündəmdədir.
Mənsur Cəfərov