"Qaradağ Tikinti Materialları" ASC istehlakçıları aldadır
29,7 kq-lıq sement 40 kq adına satılır
8 Avqust 2012 14:49 İqtisadiyyatStandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Dərnəgül şossesi, 1968-cu məhəllədə yerləşən 3 nömrəli mağazadan "Qaradağ Tikinti Materialları" Açıq Səhmdar Cəmiyyəti tərəfindən istehsal olunan və üzərində "Qaradağ-BQZ" əmtəə nişanı göstərilən 20 kisə sement nəzarət alışı qaydasında götürülüb. Götürülən kisələr müvafiq şəhadətnamə ilə təsdiq olunan müqayisəli yoxlanışdan keçmiş tərəzi vasitəsi ilə çəkilmiş və heç birinin çəkisi standartların tələblərinə uyğun gəlməmişdir. Komitədən "Olaylar"a verilən məlumata görə, kisələrin üzərində çəkisi 40±1 kq göstərildiyi halda onların faktiki çəkisi 29,7 kiloqramdan 36,4 kiloqrama qədər təşkil edib. Normativ sənədlərin tələblərinə əsasən 20 kisənin orta çəkisi 40- 0,2 kiloqramdan 40+0,5 kiloqrama qədər olduğu halda, 20 kisənin orta çəkisi faktiki olaraq 31,9 kiloqram təşkil edib. Beləliklə istehlakçılar hər sement kisəsini alarkən "Qaradağ Tikinti Materialları" ASC tərəfindən təxminən 30% qədər miqdarda aldadılıb. Bundan başqa, müəssisədə istehsal olunan sementin əsas keyfiyyət göstəriciləri, yəni sementin əyilmədə və sıxılmada möhkəmlik həddi normativ sənədlərin tələblərinə cavab verməmişdir. Belə ki, normativ sənədlərin tələblərinə əsasən sementin əyilmədə möhkəmlik həddi 5,4 Mpa-dan az olmamalı olduğu halda faktiki 3,7 MPa, sıxılmada 39,2 Mpa-dan az olmamalı olduğu halda faktiki 18,2 MPa təşkil etmişdir. Aşkar olunmuş qanun pozuntularına hüquqi qiymət verilməsi üçün toplanmış materiallar Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.