“Siyəzən Broyler”in satıcısı 26 min 665 manat mənimsəyib
6 Avqust 2012 12:47 İqtisadiyyatBaş Prokurorluq "Siyəzən Broyler" ASC-nin sabiq satıcı-ekspeditorunun cinayətinin üstünü açıb. Bu barədə Baş Prokurorluq məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, satıcı ekspeditor Vüqar Hacınəsibovun hesabında çatışmazlığın olması faktı üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində başlanıb. Müəyyən edilib ki, V. Hacınəsibov 2006-2012-ci illərdə ASC-də satıcı-ekspeditor vəzifəsində işləyərkən cəmiyyətin anbarından toyuq əti məhsullarının satışından əldə etdiyi ona etibar olunmuş 26 min 665 manat məbləğində özgə əmlakını qulluq mövqeyindən istifadə edib mənimsəmə yolu ilə talamaqla cəmiyyətə külli miqdarda ziyan vurub.
V. Hacınəsibov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə) maddəsi ilə ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.