Bakı kəndlərində 19 sahibkarlıq obyektinə 1,3 milyon manat kredit verildi
3 Avqust 2012 15:41 İqtisadiyyatİqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu "Sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda növbəti tədbirini avqustun 3-də Xəzər rayonunun Türkan qəsəbəsində keçirib. Tədbirdə Bakı qəsəbələrində fəaliyyət göstərən 200-dək sahibkar iştirak edib. Bu barədə "OLAYLAR"a nazirliyin mətbuat xidmətindən məlumat verilib. Tədbirdən əvvəl əsas hissəsi Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına maliyyələşdirilmiş Xəzər rayonu, Zirə qəsəbəsində yerləşən "Xəmsə-M" MMC-nin quşçuluq təsərrüfatında aparılan son tamamlama işlərinə baxış keçirilib. Tədbirdə Xəzər rayonunun, o cümlədən Türkan qəsəbəsinin iqtisadi potensialına uyğun olaraq, güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir quşçuluq kompleksinin, istixana təsərrüfatlarının, ət kəsimi müəssisəsinin, kiçik və orta həcmli üzümçülük təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilmiş, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və digər metodiki materiallar paylanıb. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov və Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Fərrux Dadaşov uğurlu iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatının davamlı inkişaf etdiyini, sahibkarlıq fəaliyyətinin genişləndiyini bildirib. Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Bakı qəsəbələrində fəaliyyət göstərən 19 sahibkarlıq subyektinə 1,3 mln. manat güzəştli kredit verilmişdir. Bu kreditlər hesabına 240-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.