Mərkəzi Bank “Röyalbank”dakı əmanətlərin qaytarılma prosesilə bağlı məlumat yaydı
2 Avqust 2012 17:25 İqtisadiyyatMərkəzi Bank "Royalbank"ASC-nin lisenziyasının ləğv edilməsindən sonra bankda qalan əmanətlərin verilməsilə bağlı məlumat yayıb. Mərkəzi Bankdan "OLAYLAR"a verilən məlumatda bildirilir ki, 25 iyul 2012-ci il tarixdə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsnin qərarı ilə banka ləğvedici təyin edilib. Hal-hazırda bankda ləğvedici fəaliyyətə başlanıb. Qeyd olunan qərar kütləvi informasiya vasitələrinə açıqlanıb. "Royalbank" ASC Əmanətlərin Sığortalanması Fondunun üzvü olduğundan bankın qorunan əmanətləri üzrə qanunvericilikdə müəyyən edilmiş qaydada kompensasiyalar ödənilməlidir. Qorunan əmanətlərin kriteriyaları qanunvericiliklə müəyyən edilmişdir. Kompensasiyalar qorunan əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 min manatdan çox olmamaq şərtilə ödənilir. Bu şərtlər hər bir əmanətçi ilə bağlanan əmanət müqaviləsində əks olunub. Küləvi informasiya vasitələrinə məlumat verildiyi kimi 1 avqust 2012-ci il tarixdən etibarən Əmanətlərin Sığortalanması Fondu qanunvericiliyə uyğun olaraq seçilmiş müvəkkil banklar ("Muğan Bank" ASC, "AGBank" ASC və "Bank Respublika" ASC) vasitəsilə "Royalbank" ASC-nin qorunan əmanətləri üzrə kompensasiyaların ödənilməsinə başlanıb.Qalan əmanətlər, habelə banka qarşı bütün digər kreditor tələblər bankın yığılan aktivləri hesabına ödəniləcəkdir. "Banklar haqqında" Qanuna əsasən banka qarşı tələblər bankın müflis elan olunmasına dair məhkəmə qərarının kütləvi informasiya vasitələrində ilk dəfə dərc edildiyi gündən 60 təqvim günü ərzində ləğvedici tərəfindən yazılı şəkildə qeydə alınır və kreditorların tələbləri müvafiq növbəlilik əsasında icra edilir. Öhdəliklərin icrası zamanı əhalinin əmanətlərinin qaytarılması prioritet təşkil edəcəkdir.