“Röyal Bank”ın müflisləşməsi bütün bank sektoruna təsir edəcək
2 Avqust 2012 15:07 İqtisadiyyatArtıq 2 gündür ki, Azərbaycan Əmanətlərin Sığortalanması Fondu agent bankları vasitəsilə lisenziyası ləğv edilmiş "Royal Bank" ASC-nin əmanətləri qorunan əmanətçilərinə kompensasiyaların verilməsinə başlanılıb. Fondun məlumatına görə, ümumilikdə kompensasiya ödəniləcək əmanətlərin həcmi 17,3 milyon manatdır. Bankın əmanətlər üzrə məcmu öhdəlikləri 58 milyon manata bərabər olsa da, qorunan həcm yalnız 17,3 milyon manatdır (29 faiz). Qanunvericiliyə görə, fondun qoruduğu əmanətlər üzrə illik gəlirlik 12 faizdən çox olmamalıdır, kompensasiyanın maksimal məbləği isə 30 min manatdır.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov "OLAYLAR"a bildirib ki, Royal Bankda əmanətlərinin yalnız 29 faizinin geri qaytarılması bank sektoru üçün kifayət qədər bədbin ənənənin formalaşmasından xəbər verir: "Burada məsələ heç də yalnız əmanətlərin məbləği və ya faiz dərəcəsi ilə bağlı deyil. Əslində, bir bank üzrə əmanətlərinin 71 faizinin geri qaytarılmaması bank sektorunda ciddi menecment probleminin olmasından xəbər verir. Əvvəlla, Əmanətlərin Sığortalanması Fondu sığortalanan əmanətlər üzrə konpensasiyaların məbləğini əmanətlər deyil əmanətçilər üzrə hesablayır ki, bu da beynəlxalq standardlara ziddir. Eyni zamanda, belə hesablama sistemi birmənalı şəkildə əmanətçilərin hüquqlarının pozulmasına xidmət edir" Vüqar Bayramov bildirib ki, fond hər bir əmanətçininin bankda hətta müxtəlif hesablar üzrə yerləşdirdiyi əmanətləri cəmləyir və yalnız 30 min manatadək olan məbləğin geri ödənilməsini həyata keçirir. Bu isə təbii ki, bankın əmanətçilərinin daha az konpensasiya almasına gətirib çıxarır. Əgər bankda yerləşdirilən hər 10 manatdan 7-si geri qaytarılmırsa bu o deməkdir ki, ya fond işini düzgün qura bilmir, ya da ümumiyyətlə belə fondun varlığına ehtiyac yoxdur. Fond bütün banklar üzrə "Risk Xərtəsi" hazırlayaraq hətta fəaliyyət göstərən amma əmanətlərinin əsksəriyyəti sığortlanmayan banklar ilə müxtəlif formada iş aparmalıdır. Vüqar Bayramovun sözlərinə görə, Royal Bank müflişləşməsinə sadəcə bir bankın faciəsi kimi baxmaq doğru deyil: " Bunun mənfi təsirləri artıq bütövlükdə bank sektorunda müşahidə edilməkdədir. Əgər real sektorda müəssisələr rəqiblərinin müflis olmasında maraqlıdırlarsa və bununla daha çox bazar əldə edə bilirlərsə, banklar hər hansı bankın çökdürülməsin can atmırlar. Çünkü hətta zəif bankın belə müflis olması bütövlükdə bank sektoruna inamın azalmasına və əmanətçilərin digər banklardan da öz əmanətlərini geri çəkməsinə səbəb olur. Bu baxımdan, hətta inkişaf etmiş ölkələrdə Banklar Assosiyasiyaları müflis olmaq təhlükəsi olan banklara yardımlar edirlər ki, onlar ayaqda qalsınlar. Bu baxımdan, Royal Bankın müflüsləşməsi bank sektoruna inamın kəskin azalmasına gətirib çıxaracaq. Artıq bu inam azlığından təşvişə düşən bir sıra banklar depozitlər üzrə faiz dərəcisini orta hesabla 2 faiz artırıblar. Daha yüksək faiz təklif etməklə bəzi banklar əmanətçiləri cəlb etməyə çalışırlar. Bu eyni zamanda, əmanət bazarında mövcud durğunluqun yaranmasından xəbər verir.