Sumqayıtda 140 kiloqram at ətini dana əti adına satan ifşa olundu
Bərdədən gətirilən ət dana ət adı ilə satılırmış
1 Avqust 2012 14:47 İqtisadiyyatStandartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Sumqayıt Ərazi İdarəsinə daxil olmuş məlumat əsasında Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yerləşən kənd təsərrüfatı yarmarkasında araşdırma aparılıb. Dövlət Komitəsinin mətbuat xidmətindən "OLAYLAR"a verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, özünü Bərdə şəhər sakini Novruzov Zaur Məmməd oğlu kimi təqdim edən şəxs tərəfindən iyulun 27-də Bərdə rayonundan mənşəyi məlum olmayan ət alınaraq Bərdə şəhər sakini Həsənov Elçin İsgəndər oğluna məxsus 10 KA 650 dövlət nömrə nişanlı DAEWOO "Espero" markalı avtomobillə yarmarkaya gətirilib. Vətəndaşlara mal əti adı ilə 1 kiloqramı 4-5 manata satılan ətin dana əti olmadığı, istehlakçı hüquqlarının kobud şəkildə pozulduğu aşkar olunaraq ətin mənşəyi barədə araşdırma aparılıb. Məlum olub ki, Bərdədən gətirilmiş ətin 140 kiloqramı at əti, 25 kiloqramı camış əti, 18 kiloqramı isə qoyun ətidir. Novruzov Zaur Məmməd oğlu özü də yazılı izahatında bu faktı təsdiq edib. İstehlakçı hüquqlarının kobud şəkildə pozulması ilə əlaqədar toplanmış materiallar qanunvericilik çərçivəsində tədbirlər görülməsi məqsədilə Sumqayıt şəhəri Polis İdarəsinin İstintaq şöbəsinə göndərilib. Mənşəyi məlum olmayan ətlərdən nümunələr seçilmiş və müayinələr üçün laboratoriyaya təqdim edilib. Araşdırmalar davam etdirilir.