Mənzillər qiymətdən düşüb

2012-ci ilin İyun ayında təkrar mənzil bazarında təklif həcmi əvvəlki ayla müqayisədə 0.7% artıb, orta qiymət isə  0.4% azalıb.  Aparılan araşdırmalardan sonra məlum olub ki, təkrar bazarda mənzillərin qiymət indeksi də qiymətə müvafiq olaraq azalıb. "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən "Olaylar"a verilən məlumata görə, ay ərzində bazara satış üçün təklif olunan mənzillərin sayı 7600-ü ötüb. Yasamal, Nəsimi, Nərimanov və Xətai rayonlarının təklif portfelindəki payı ötən aylarda olduğu kimi mütləq çoхluq təşkil edib və onların ümumi payı 78,7%-ə bərabər olub.  Otaqlar üzrə mənzillərin vəziyyətinə gəldikdə, 4 və 5 otaqlı mənzillərin sayında azalma baş verib. Təklif üzrə ən çoх azalma 4 otaqlılar üzrə qeydə alınıb. 1, 2 və 3 otaqlı mənzillərin təklif üzrə payında isə artım müşahidə olunub. İyun ayında qiymət indeksində qiymətə müvafiq olaraq azalma müşahidə edilib. Orta qiymət ötən ay qeydə alınan nəticədən 0.4% azalıb və 986 $/kv.m təşkil edib. Ötən ay əksər rayonlarda qiymət azalması müşahidə olunub. Ay ərzində ən çox qiymət azalması Nəsimi rayonunda qeydə alınıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31