“Müasir Gənclər” MMC-yə pivə satışı qadağan edildi - DƏHŞƏTLİ FAKT

Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Xaçmaz rayonu, Qaraqurdlu kəndində yerləşən "Müasir Gənclər" MMC-də pasterizə olunmamış açıq rəngli pivənin istehsalına dövlət nəzarəti həyata keçirilmişdir.
Araşdırma zamanı müəyyən olunmuşdur ki, pivə AZS 143-2005 dövlət standartının tələblərinə uyğun olmayaraq, sanitariya norma və qaydalara riayət edilmədən, texnoloji təlimat və resepturalar olmadan istehsal olunur. Müəssisədə hazır məhsulun sınaqlarını aparmaq üçün laboratoriya mövcud deyil, istehsal sahələri gigiyenik norma və qaydalara cavab vermir, sabit keyfiyyətdə məhsul istehsalı üçün şərait yoxdur, istismar olunan ölçmə vasitələri müqayisəli dövlət yoxlanışından keçmədən istifadə olunur. Bundan başqa müəyyən edilmişdir ki, istifadə olunan avadanlıqların istismar müddəti bitmiş və istehsal üçün yararsız halda istifadə olunaraq məhsulun texnoloji prosesdə duz məhlulu ilə qarışması ilə nəticələnmiş, hazırlanan pivə vaxtından tez, yəni yetişmədən istehsaldan çıxarılmışdır. Bununla da tonlarla pivə insan həyatı və sağlamlığı üçün təhlükəli halda istehsal olunmuşdur. Dövlət nəzarəti tədbiri zamanı müəssisədə heç bir sınağı aparılmayan, ekstraktivliyi və tündlük faizi təyin olunmayan 2 ədəd 20 tonluq çəndə məhsul aşkar edilmişdir.
Aşkar olunmuş qanun pozuntuları ilə bağlı "Müasir Gənclər" MMC-də pivə istehsalı və satışı qadağan edilmişdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31