Yeni tikililər qiymətdən düşüb
26 İyul 2012 17:03 İqtisadiyyat2012-ci ilin iyun ayında paytaxtın ilkin mənzil bazarında yeni tikililərin qiymətində 1,2% azalma baş verib. "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyindən "Olaylar"a verilən məlumata görə, ay ərzində satışda olan yeni tikililərin sayı ötən aydakı kimi 420 ədəd olub. Bazara daxil olan yeni tikililər isə əsasən sosial təyinatlı binalar olub ki, onların da inşası əsasən 4-cü zonanın payına düşüb. Beləliklə tikinti şirkətlərinin sayında da dəyişiklik baş verməyib və 150-yə bərabər olub. Ən çox yeni tikililər ötən aylarda olduğu kimi Yasamal rayonu (Yeni Yasamal qəsəbəsi) ərazisindədir. Xətai və Nəsimi rayonları bu baxımdan sonrakı yerlərdə mövqelərini qoruyurlar. Qeyd edilən üç rayon üzrə tikintisi aparılan binaların ümumi tikinti portfelindəki payı bazarın 3/2-ni təşkil edib. Son aylarda stabilləşməyə doğru davam edən qiymətlər iyun ayında da cüzi dəyişikliklə yadda qalıb. İyunda 1,2% azalma baş verərək 1 kv.metr üzrə orta qiymət göstəricisi 810,4 manata bərabər olub. Ötən rübün müvafiq dövrü ilə müqayisədə qiymət dəyişməsi 1,3%, ötən ilə nisbətdə isə 3,2% azalma kimi qeydə alınıb.