Ünvanlı sosial yardım plastik kartlarla veriləcək

İyulun 26-da  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ünvanlı dövlət sosial yardımlarının mərkəzləşmiş qaydada ödənişi sisteminin yaradılması və plastik kartların hazırlanaraq vətəndaşlara verilməsi prosedurunun təkmilləşdirilməsi ilə bağlı görülmüş işlərin təqdimatı olub. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a verilən məlumata görə, tədbiri giriş sözü ilə açan Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İlqar Rəhimov bildirib ki, yoxsul ailələrin rifahında mühüm rol oynayan ünvanlı dövlət sosial yardımlarının ödənişi sisteminin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın artırılması əsas prioritetlərdən biridir. Qeyd olunub ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri cənab Fizuli Ələkbərovun 15 may 2012-ci il tarixli 11/7-37 nömrəli "Ünvanlı dövlət sosial yardımının təyinatına nəzarətin gücləndirilməsi və ödənişin təkmilləşdirilməsi barədə" əmrinə, həmçinin nazirliyin 13 may 2012-ci il tarixli Kollegiya qərarına əsasən, ünvanlı sosial yardımların təyinatına nəzarətin gücləndirilməsi, həmin yardımların ödənişi sisteminin daha da təkmilləşdirilməsi, yeni icra mexanizmlərinin sınaqdan keçirilməsi məqsədilə ödənişlərin mərkəzləşdirilmiş qaydada həyata keçirilməsinə artıq başlanıb. Bununla da məmur-vətəndaş münasibətlərinin minimuma endirilməsinə nail olunaraq, ünvanlı sosial yardımların ödənişində maliyyə şəffaflığı təmin edilib. Ünvanlı dövlət sosial yardımlarının ödənişinin mərkəzləşdirilmiş qaydada aparılması üçün ilkin olaraq Sabunçu, Binəqədi, Masallı, Ucar, Cəlilabad və Səbail rayonları pilot rayonlar kimi seçilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31