İsmət Abbasov fermerlərin əsəbləri ilə oynayır
Rövşən Ağayev: “Fermerlər əkin-biçin işlərində digər izafi xərcləri subsidiyalar vasitəsilə ödəyir”
25 Aprel 2012 18:08 İqtisadiyyatKənd təsərrüfatı naziri İsmət Abbasov mətbuata verdiyi son açıqlamasında ölkə fermerlərinin qəzəbinə tuş gələn fikirlər səsləndirib. Nazirin sözlərinə görə, yaxın gələcəkdə fermerlərə verilən subsidiyaların nağd pul şəklində deyil, həmin vəsaitə düşən gübrə şəklində verilməsi təklif olunur. Məsələyə münasibət bildirən iqtisadçı ekspert Rövşən Ağayev "OLAYLAR"a açıqlamasında bildirib ki, nazirin bu açıqlaması qəbul olunmayan, indiki dövr üçün məqbul olmayan təklifdir. Ekspertin sözlərinə görə, kənd təsərrüfatı naziri belə bir təkliflə çıxış etməkdənsə subsidiyaların səmərəliliyinin, növlərinin artırılması ilə bağlı təklif versəydi daha məntiqli olardı: "Bu gün fermer subsidiyadan dövrü vəsait kimi istifadə edir. Bildiyiniz kimi Mikro Maliyyə İnstitutlarının fermerlər üçün əlçatımlılıq səviyyəsi çox aşağı səviyyədədir. Belə olan halda fermer əkin-biçin üçün lazım olan digər xərclərini subsidiyalar vasitəsilə kompensasiya edir. İndiki halda bu vəsaitin gübrə ilə əvəz olunması fermer üçün sözün əsl mənasında fəlakət olar. Yaxşı olardı ki, İsmət Abbasov belə bir təklif verməkdənsə subsidiyaların növlərinin artırılması yönündə təklif verərdi. Müqayisə üçün bir məsələni diqqətə çatdırım ki, Azərbaycanda fermerlərə subsidiyaların verilməsi 2007-ci ildən tətbiq olunsa da hazırda 2007-ci ildəki qədər taxıl idxal edirik. Bu isə bir daha onu göstərir ki, subsidiyalar təkcə taxılçılığa deyil, eyni zamanda heyvandarlığa yönəldilməlidir". R.Ağayev onu da bildirib ki, dünya ölkələrinin təcrübəsi ilə müqayisədə bizdə fermerlərə verilən subsidiya azlıq təşkil edir. Subsidiyaların artırılması yönündə hər hansı qərar kənd təsərrüfatının daha dinamik inkişafı ilə nəticələnər.