Ev bölgüsündə kimə nə düşür?

Ailələrdə ev bölgüsü problemi mövcuddur.  Milli.Az xəbər verir ki, Day.Az saytının daimi oxucusu Səmayə Qurbanovanın saytın redaksiyasına göndərdiyi məktubda da bu problem öz əksini tapıb. "1976-cı ildə biz ailəmizlə 2 otaqlı mənzilə yerləşmişik.  Mən, həyat yoldaşım və iki qızım bu mənzilə qeydiyyata düşüb. 1990-cı ildə həyat yoldaşım böyük qızıma ev aldı və onu biz yaşadığımız evdən qeydiyyatdan çıxararaq o evə qeydiyyata saldı. 1992-ci ildə öz evimizi özəlləşdirdik. 2000-ci ildə həyat yoldaşım dünyasını dəyişdi və varis olaraq mən evi öz adıma keçirdim. Bizim evdə iki nəfər - mən və kiçik qızım qeydiyyatda qaldı. Bu yaxınlarda mənim böyük qızım da bu evdə onun da payının olduğunu iddia edir. Mən bilmək istərdim ki, onun belə bir iddia irəlü sürməyə hüququ varmı?", - oxucunun məktubunda qeyd olunur.

Məsələyə aydınlıq gətirmək üçün saytın əməkdaşı vəkil Seyfəddin Əliyevlə əlaqə saxlayıb.
"Məktubdan məlum olur ki, oxucu mənzilini 2000-ci ildə özəlləşdirib. Deməli, burada böyük və kiçik qızın razılığı olmalıdır. Həyat yoldaşının ölümündən sonra oxucunun böyük qızı mənzilin qanunla onun payına düşən hissəsinin ona verilməsi barədə notariat kontoruna müraciət etməli idi. Aradan 10 il keçib və yəqin ki, evin ana tərəfindən özəlləşdirilməsinə böyük qızının da yazılı razılığı var. Buna görə də böyük qız evə iddialı ola bilməz", - o qeyd edib. Qeyd edək ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən, mirasın qeydiyyata alınması üçün notariat kontoruna müraciət edilməlidir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31