DSMF-nin 6 aylıq gəliri 1272,45 milyon manat olub

Dövlət Sosial Müdafiə Fondunda 2012-ci ilin I yarımilinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan geniş kollegiya iclası keçirilib. "OLAYLAR"ın məlumatına görə, İclası giriş sözü ilə açan DSMF sədri Səlim Müslümov vurğulayıb ki, 2012-ci ilin yanvar-iyun aylarında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri 1272,45 mln. manat  təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 343,0 mln. manat və ya 36,9 faiz  çoxdur. Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 15,2 faiz və ya 85,1 mln. manat artaraq 646,7 mln. manat təşkil edib: "Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 59,5 faizi və ya 385,1 mln. manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin  sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 15,4 faiz və ya 51,3 mln. manat artıb, proqnoz isə 106,7 faiz icra olunub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi gücləndirilib".
2012-ci ilin yanvar-iyun aylarında Dövlət Sosial Müdafiə Fondunun xərclərinin  1198,7 mln. manat olduğunu deyən S.Müslümov əlavə edib ki, hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 1177,6 mln. manat vəsait yönəldilib: "Bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 290,8 mln. manat və ya 32,8 faiz  çoxdur. Pensiya xərcləri 2011-ci ilin müvafiq dövrünə  nisbətən 33,6 faiz və ya 289,5 mln. manat artaraq 1150,5 mln. manat təşkil etmişdir.Ötən il həyata keçirilən islahat nəticəsində 2011-ci il il iyulun 1-nə qədər indeksləşmədən kənarda qalan, 85 manat pensiya almış 482 min nəfərin pensiyası orta hesabla 44 manat və ya 52 faiz artıb, onların da pensiyasının sığorta hissəsi yaradılımışdır və hazırda pensiyaçıların 92,2 faizinin pensiyalarının sığorta hissəsi mövcuddur".
S.Müslümov qeyd edib ki,  cari ilin ilk yarısında əhaliyə 27,0 mln. manat məbləğində müavinət ödənilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31