Hazırkı vəziyyət bizi narahat etmir - Mərkəzi Bank
11:42 İqtisadiyyatAzərbaycan Mərkəzi Bankı (AMB) hazırda geniş pul kütləsinin artımının inflyasiyaya təsiri ilə bağlı ciddi narahatlıq görmür. Bank sektorunda kreditləşmənin kəskin artımı müşahidə olunmur və inflyasiya riskləri nəzarət altında saxlanılır.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov faiz dəhlizinin parametrlərinə dair cümə axşamı keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, pul kütləsinin genişlənməsinin inflyasiyaya təsirində bankların cəlb etdikləri vəsaitlərdən istifadə etməklə kreditləşməni artırması mühüm amillərdən biridir. Lakin hazırda bu istiqamətdə kəskin artım qeydə alınmır.
"Hazırkı vəziyyət bizi narahat etmir. Çünki kreditləşmənin artımı ilə pul kütləsinin genişlənməsinin inflyasiyaya təsiri, əsasən, bankların cəlb etdikləri vəsaitlər hesabına kreditləşməni artırması ilə bağlıdır. Burada kəskin artımlar müşahidə etmirik", - deyə T.Kazımov qeyd edib.
AMB sədri vurğulayıb ki, bank sektorunda əhəmiyyətli həcmdə sərbəst vəsait mövcuddur. Onun sözlərinə görə, bankların sərəncamında olan və mövcud normativ tələblərin pozulmasına səbəb olmadan kreditləşməyə yönəldilə biləcək vəsaitlər olsa da, bu imkanlardan tam istifadə edilmir.
"Biz likvidliyi idarə etməyə çalışırıq. Bank sektorunda 6 milyard manata yaxın sərbəst vəsait var. Banklar bu vəsaitləri mövcud tələbləri pozmadan kreditləşməyə yönəldə bilərlər, lakin hazırda həmin vəsaitlərdən tam istifadə olunmur", - deyə o bildirib.
T.Kazımov əlavə edib ki, mövcud şəraitdə geniş pul kütləsinin artımından qaynaqlanan inflyasiya təzyiqləri ilə bağlı ciddi narahatlıq yoxdur və vəziyyət Mərkəzi Bankın nəzarəti altındadır.