Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Biznes dialoqu” adlı panel sessiyası keçirilib
13:46 İqtisadiyyatVII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində "Biznes dialoqu" adlı panel sessiyası keçirilib.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, sessiya zamanı müxtəlif ölkə və sahələrdən olan sahibkarlar, ekosistem liderləri, siyasət müəyyən edənlər və digər əsas maraqlı tərəflər arasında dialoqa və əməkdaşlığa şərait yaratmaq məsələləri müzakirə edilib.
UNCTAD-ın Xidmətlərin Ticarətinin İnkişafı Bölməsinin rəhbəri Dong Wu çıxışı zamanı qeyd edib ki, yaradıcı iqtisadiyyatın əlavə dəyərinin formalaşmasında xidmət sektoru mühüm paya malikdir.
"Buraya proqram təminatı, nəşriyyat, audiovizual xidmətlər, yayım, elmi-tədqiqat, reklam, peşəkar xidmətlər, incəsənət və foto xidmətləri daxildir. Rəqəmsallaşma yaradıcı məzmunun istehsalı, paylanması və monetizasiya üsullarını kökündən dəyişdirib. Məsələn, musiqi sənayesində axın (streaming) xidmətləri artıq gəlirlərin 70%-ni təşkil edir",- deyə o bildirib.
Kino Agentliyinin baş direktoru Rəşad Həsənovun sözlərinə görə, neft ölkələri başda olmaqla region dövlətləri üçün yaradıcı sənayelər iqtisadiyyatda oyunun qaydalarını dəyişə biləcək əsas resurslardan biri kimi qiymətləndirilir.
"Azərbaycanda yaradıcı sənayelər sahəsində maraqlı tərəfləri, yeni oyun qaydalarını və ekosistemi birləşdirən kompleks addımlar atılır. Regionda mədəniyyət sahəsi əvvəllər daha çox dövlət tərəfindən dəstəklənən istiqamət kimi qəbul olunurdu. Hazırda isə bazar əsaslı yeni qaydalara keçid baş verir ki, bu da bütün iştirakçıların düşüncə tərzinin dəyişməsini tələb edir",-deyə o əlavə edib.
"Alem Entertainment GP" şirkətinin təsisçisi və baş icraçı direktoru Yernur Rysmagambetov vurğulayıb ki, pandemiyadan sonra dünya iqtisadiyyatında və bazarlarında müşahidə olunan parçalanma fonunda yerli bazarlar daha çox daxili məzmun görmək istəyir.
"Təxminən 10 il əvvəl Qazaxıstandakı kinoteatrlarda nümayiş olunan məzmunun 85%-i Hollywood və digər xarici ölkələrin istehsalı idi. Hazırda kinoteatrlardakı məzmunun 85%-i yerli prodüserlər tərəfindən çəkilən yerli filmlərdən ibarətdir",- deyə o bildirib.
Qeyd edək ki, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu oktyabrın 27-29-da Bakıda "Ortaq gələcək naminə dialoq: parçalanmış dünyada körpülərin qurulması" mövzusunda keçirilir.
Forum Prezident İlham Əliyevin təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən Bakı Prosesinin əsas beynəlxalq tədbiridir. İlk dəfə 2011-ci ildə təşkil olunan forum ölkələri, beynəlxalq təşkilatları, ekspertləri və vətəndaş cəmiyyəti nümayəndələrini mədəniyyətlərarası dialoq və əməkdaşlıq ətrafında bir araya gətirir.
Forumun proqramına sülh və təhlükəsizlik, mədəniyyətlərarası və dinlərarası dialoq, gənclərin rolu, süni intellekt, yaradıcı iqtisadiyyat, media, mədəni irs və turizm kimi mövzularda müzakirələr daxildir.