Regional tranzit marşrut kimi Orta Dəhlizin əhəmiyyəti sürətli şəkildə artır - Aİ
13:32 İqtisadiyyatOrta Dəhlizin regional tranzit marşrutu kimi əhəmiyyəti sürətlə artır.
Bu barədə Avropa İttifaqının dəstəyi ilə hazırlanmış "Ticarət sektorunun araşdırılması - Azərbaycanın ticarət sektorunun inkişafı: siyasət, məhdudiyyətlər və imkanlar" adlı hesabatda qeyd olunub.
Hesabata əsasən, 2021-2025-ci illərdə Orta Dəhliz üzrə ümumi yükdaşımaların həcmi davamlı olaraq artıb. Belə ki, 2021-ci ildə 586 min ton olan yükdaşımaların həcmi 2025-ci ildə 1,867 milyon tona çatıb.
"Bu, dörd il ərzində təxminən 3,2 dəfə artım deməkdir və Orta Dəhlizin regional tranzit marşrutu kimi əhəmiyyətinin sürətlə yüksəldiyini göstərir", - sənəddə qeyd olunub.
Hesabat müəllifləri konteyner daşımalarının ümumi artım tendensiyasına da diqqət çəkiblər. 2021-ci ildə 25,2 min TEU təşkil edən konteyner daşımalarının həcmi 2022-ci ildə 33,6 min TEU-ya yüksəlib, 2023-cü ildə isə 20,5 min TEU-ya enib. Bununla belə, sonrakı illərdə kəskin artım qeydə alınıb: 2024-cü ildə 56,5 min TEU, 2025-ci ildə isə 76,9 min TEU.
Beləliklə, 2025-ci ildə Orta Dəhliz üzrə konteyner daşımalarının həcmi 2021-ci illə müqayisədə təxminən üç dəfə artıb.
"Ümumilikdə, son illərdə Orta Dəhliz üzrə yükdaşımalar, xüsusilə də konteyner daşımaları sürətlə genişlənir. Bu dinamika Azərbaycanın tranzit-logistika mərkəzi kimi rolunun möhkəmlənməsinin, eləcə də regionda multimodal və konteyner daşımalarına tələbatın artmasının əsas göstəricilərindən biridir", - hesabatda bildirilib.
Sənəd müəllifləri 2021-2025-ci illərdə Orta Dəhliz üzrə yük və konteyner daşımalarının sürətli artımını, o cümlədən qlobal geosiyasi proseslərlə əlaqələndiriblər.
"Xüsusilə, Rusiya ilə Ukrayna arasında münaqişə Rusiyanın ərazisindən yan keçməklə Avropa ilə Asiya arasında alternativ marşrutlara tələbatı əhəmiyyətli dərəcədə artırıb. Bu da Orta Dəhlizin strateji əhəmiyyətini gücləndirib. Bundan əlavə, Qırmızı dənizdə təhlükəsizlik problemləri və beynəlxalq dəniz nəqliyyatı marşrutlarında yaranan fasilələr logistika şirkətlərini və yük göndərənləri marşrutlarını şaxələndirməyə sövq edib. Nəticədə Asiya ilə Avropanı birləşdirən quru və multimodal nəqliyyat dəhlizlərinə, xüsusilə də Orta Dəhlizə maraq artıb.
İranın Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas iştirakçılarından biri olduğunu nəzərə alsaq, 2026-cı ildə Fars körfəzindəki təhlükəsizlik vəziyyətinin Orta Dəhliz üzrə yük axınının artımını əlavə olaraq stimullaşdıra biləcəyini ehtimal etmək olar", - hesabatda vurğulanıb.
Sənəddə, həmçinin qeyd olunub ki, araşdırılan dövrdə Azərbaycanda ümumi yükdaşımaların həcmi əhəmiyyətli dərəcədə artıb. Artımın əsas hərəkətverici qüvvələri avtomobil və dəniz nəqliyyatı olub. Dəmir yolu ilə yükdaşımalar orta templə artdığı halda, azalma qeydə alınan yeganə nəqliyyat növü hava nəqliyyatı olub.