“Heç zaman reallaşa bilməz" deyilən TransXəzər reallığa çevrildi-Özəl

"Uzun illərdir haqqında yazdığım, hazırlıq və icra mərhələlərini izlədiyim Transxəzər Fiber-Optik Kabel Xəttinin rəsmi açılışı olub.

Prezidentlər İlham Əliyev və Kasım-Jomart Tokayev Xəzərin dibi ilə Azərbaycan və Qazaxıstanı birləşdirən Fiber-Optik Kabel Xəttini onlayn formatda istifadəyə veriblər. 
Sumqayıt və Aktau arasında çəkilən təxminən 380 kilometrlik kabel saniyədə 400 terabitdən çox məlumat ötürmə qabiliyyətinə malikdir". Olaylar xəbər verir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib:

chr("39")Əvvəlki yazılarımda dəfələrlə vurğulamışdım ki, bu layihənin mürəkkəbliyi yalnız kabelin dənizin dibi ilə çəkilməsində deyildi. Burada texnoloji və coğrafi çətinliklərlə yanaşı, geosiyasi maraqlar, qlobal maneçiliklər, illərlə uzanan razılaşdırmalar və tərəfdaş dəyişiklikləri də olub.
Uzun illər Rusiya bu layihənin reallaşmasına maneçiliklər yaradıb.
"Bu layihə heç zaman reallaşa bilməz" deyənlər xeyli sayda ciddi insanlar vardı.

İndi həmin uzun yolun mühüm mərhələsi arxada qalıb. "Rəqəmsal İpək Yolu"nun əsas hissələrindən biri artıq real infrastrukturdur.

Azərbaycan tərəfdən təşəbbüsü irəli aparan NEQSOL Holding-in tərkibindəki Azerconnect Group-a daxil olan AzerTelecom-un  mühəndis komandalarının əməyini xüsusi qeyd etmək istərdim. Dövlət başçılarının siyasi dəstəyi ilə bu mürəkkəb layihənin nəticəyə çatdırılması təqdirəlayiqdir.

Amma əvvəl də yazdığım bir məsələni yenidən xatırlatmaq istəyirəm. 
Rəqəmsal tranzit ölkəsi olmaqla regional data və texnologiya mərkəzi olmaq arasında ciddi fərq var.
Trafikin ərazimizdən keçməsi bizə tranzit gəliri və strateji üstünlük qazandırır. Daha böyük iqtisadi dəyər isə həmin bağlantının ətrafında data mərkəzləri, bulud xidmətləri, süni intellekt üçün hesablama infrastrukturu və texnoloji bizneslər formalaşdırmaqla yaranır.
Əvvəlki yazılarımda Qazaxıstanın artıq qlobala şirkətlərlə birgə bu xətt üzərində güclü data mərkəz tikməyə başladığını qeyd etmişdim, Bu ölkə milyonlarla investisiya cəlb edib bu işlərərə.

Biz də öz təşəbbüsümüzlə formalaşan bu rəqəmsal dəhlizin iqtisadi imkanlarından daha fəal yararlanmalıyıq.
Kabelin Azərbaycanda quruya çıxdığı Sumqayıt bu baxımdan xüsusi fürsət qazanır. Etibarlı və rəqabətli enerji təminatı, beynəlxalq bağlantı və əlverişli investisiya mühiti bir araya gətirilərsə, şəhər sənaye potensialı ilə yanaşı, regional rəqəmsal mərkəz kimi də inkişaf edə bilər.

İndi aidiyyəti qurumların və özəl sektorun qarşısında konkret vəzifə dayanır. 
Bu infrastruktur əsasında hansı qlobal şirkətləri cəlb edəcəyik, hansı xidmətləri ixrac edəcəyik, ölkədə hansı yeni iş yerlərini yaradacağıq?"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31