Azərbaycan-Cənub-Şərqi Asiya əməkdaşlığı: İqtisadi imkanlar necə reallaşdırılmalıdır?-ÖZƏL

"Azərbaycan Cənub-Şərqi Asiya ölkələri ilə münasibətlərini ilk növbədə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun ixrac imkanlarının genişləndirilməsi istiqamətində inkişaf etdirməlidir. Bu regionun böyük əhalisi və artan istehlak tələbatı Azərbaycan məhsulları üçün yeni bazarlar yarada bilər. Xüsusilə kənd təsərrüfatı və ərzaq məhsulları, kimya sənayesi, neft-kimya məhsulları, gübrələr və sənaye mallarının ixracı baxımından əməkdaşlıq imkanları mövcuddur. Bununla yanaşı, ticarət əlaqələrinin genişlənməsi üçün məhsulların qiymət rəqabətliliyi, keyfiyyət standartlarına uyğunluğu və logistika xərcləri nəzərə alınmalıdır. Yəni siyasi münasibətlərin yaxşı olması iqtisadi əməkdaşlığın avtomatik olaraq böyüməsi demək deyil. Bunun üçün konkret müqavilələr, biznes əlaqələri və qarşılıqlı investisiyalar lazımdır".

Bu fikirləri Liberal İqtisadçılar Mərkəzinin sədri, iqtisadçı Akif Nəsirli Olaylar.az-a açıqlamasında söyləyib:

"Digər mühüm istiqamət nəqliyyat və logistika sahəsidir. Azərbaycan Orta Dəhliz vasitəsilə Çin və Mərkəzi Asiyadan Avropaya uzanan nəqliyyat marşrutlarında mövqeyini gücləndirməyə çalışır. Cənub-Şərqi Asiya ölkələri ilə ticarətin artması bu marşrutdan istifadə imkanlarını da genişləndirə bilər. Bunun üçün həmin ölkələrin istehsalçıları və ixracatçıları ilə birbaşa əməkdaşlıq qurulmalı, limanlar, dəmir yolları, logistika mərkəzləri və multimodal daşımalar arasında əlaqələndirmə gücləndirilməlidir. Lakin Orta Dəhlizin rəqabət qabiliyyəti yalnız coğrafi mövqedən asılı deyil. Daşınma müddəti, tariflər, sərhəd prosedurları və yüklərin fasiləsiz hərəkəti də həlledici əhəmiyyət daşıyır. Bu məsələlər həll olunarsa, Azərbaycan Cənub-Şərqi Asiya ilə Avropa arasında ticarət əlaqələrinin genişlənməsindən daha çox faydalana bilər.

Geosiyasi baxımdan isə Azərbaycan region ölkələri ilə münasibətlərini yalnız ayrı-ayrı dövlətlərlə ikitərəfli əlaqələr çərçivəsində deyil, daha geniş iqtisadi əməkdaşlıq platformaları vasitəsilə inkişaf etdirməlidir. ASEAN ölkələri ilə siyasi dialoqun gücləndirilməsi, biznes forumlarının keçirilməsi, investisiya sazişlərinin hazırlanması və qarşılıqlı ticarət missiyalarının təşkili bu baxımdan əhəmiyyətlidir. Eyni zamanda, Azərbaycan özünü təkcə enerji ixracatçısı kimi deyil, Avropa ilə Asiyanı birləşdirən nəqliyyat, logistika və enerji əməkdaşlığı mərkəzi kimi təqdim edə bilər.

Energetika sahəsində də əməkdaşlıq imkanları var. Azərbaycan neft və qaz ixracı ilə yanaşı, bərpaolunan enerji, enerji infrastrukturu və yaşıl texnologiyalar sahəsində təcrübəsini tərəfdaş ölkələrlə bölüşə bilər. Bununla belə, hər bir layihənin iqtisadi əsaslandırması, maliyyələşmə imkanları və kommersiya gəlirliliyi əvvəlcədən qiymətləndirilməlidir.

Kambocanın baş nazirinin Bakı səfəri kimi yüksək səviyyəli təmasların real nəticəsi imzalanan sənədlərin sayından çox, onların konkret iqtisadi layihələrə çevrilməsi ilə ölçüləcək. Azərbaycan Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələrini genişləndirərkən siyasi yaxınlığı iqtisadi nəticələrlə tamamlamalı, ixracatçıları yeni bazarlara çıxarmalı və Orta Dəhliz üzrə daşımaların qiymət və vaxt baxımından rəqabət qabiliyyətini artırmalıdır. Məhz bu halda həmin əməkdaşlıq həm Azərbaycanın qeyri-neft iqtisadiyyatının inkişafına, həm də Mərkəzi Asiya üzərindən Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin güclənməsinə real töhfə verə bilər".

Zeynəb Mustafazadə

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31